Etibar Hüseynov Etibar Hüseynov

Yazıqlar olsun

Etibar Hüseynov



Adətən Milli Məclisin iclaslarının ikinci hissəsində yalnız rəsmi medianın təmsilçiləri iştirak edir. Müstəqil mətbuatın nümayəndələrinin bir çoxu deputat dostlarına arxayın olub gəlmir. Sonradan zəng edib - "maraqlı nəsə olmadı ki?" - deyə soruşurlar. Bu dəfə də - Milli Məclisin payız sessiyasının ilk iclasında da belə oldu. İkinci hissədə etdiyim çıxış qeyri-peşəkar səviyyədə, yəni ağızdan-ağıza yayıldı. Ona görə də mətbuatda tamamilə təhrif olunmuş formada əks olundu. Guya ki, mən deputatın döş nişanında əks olunan bayrağa hörmətsizlik edirəm, onun qızıldan olmadığına görə yaxama taxmaqdan xəcalət çəkirəm və s. Və çox təəssüf ki, bu informasiyanı birtərəfli şəkildə yayan "peşəkar" jurnalistlərin heç biri mənim mövqeyimi öyrənməyə lüzum görmədi.

Vaxtınızı çox almadan ilk növbədə iclasda etdiyim çıxışın stenoqramını olduğu kimi diqqətinizə çatdırmaq istəyirəm. Qeyd edim ki, gündəlikdəki məsələ "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi, Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanununun layihəsi haqqında"dır.

- Hörmətli sədr, Hörməli həmkarlar,

Mən diqqətinizi bir məsələyə yönəltmək istərdim. Bildiyiniz kimi qanlı 20 Yanvar hadisələrinin əsas episentrlərindən biri də Yasamal rayonu olmuşdur və buna görə də bu rayonda 20 Yanvar şəhid ailələri çoxluq təşkil edir. Bu ailələr dəfələrlə mənə, o cümlədən də Milli Məclisə müraciət ünvanlayıblar. Çünki bu tipli müraciətləri ayrı-ayrı vaxtlarda həm Ziyafət müəllim, həm də Rəbiyyət xanım aidiyyəti üzrə baxılması üçün mənə ünvanlayıblar. Problem nədədir. Məsələ ondadır ki, 91-ci ildə 20 yanvar hadisələri zamani həyatını itirmiş və yaralanmış bir çox insanlar "Azadlıq uğrunda mübariz" fəxri adıyla təltif ediliblər. Həmin ərəfədə onların bir çoxunun ailələrinə bu adla bağlı vəsiqə və medal da verilib. Amma nədənsə bu proses o vaxt yarımçıq qalıb. İndi bu ailələrin istəyi də ondan ibarətdir ki, həmin medal və vəsiqə hamıya verilsin.

Hörmətli sədr!

Bu vəsiqə öz-özündə heç bir sosial güzəşt ehtiva etmir. Bu insanlar sadəcə öz təskinliklərini bu orden və medallardan tapırlar. Nədən biz onların bu xahişlərinə əməl etməyək. Əlimizdə olan bu qanun həmin medallarla onların da təltif olunmasına tam imkan verir. Əsasnamənin 1-ci bəndinə diqqət yetirin - Burada deyilir: "Bu medal və ordenlərlə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda xidmətlər göstərmiş şəxslər təltif oluna bilər".
20 Yanvar şəhidləri də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən insanlar deyilmi? Ona görə də hesab edirəm ki, bu medalla onları da təltif etmək olar. Və bununla da bu problem də öz  həllini tapmış olar.
Bir neçə kəlmə də bu orden və medalların tərtibat və dizaynı barədə danışmaq istərdim. Bu gün bizə təqdim olunmuş eskizlər ağ-qara variantda olsa belə medalın dizayn və tərtibatı heç də pis təəssürat bağışlamır. Amma mən bir məsələni qeyd etmək istərdim.

Nədənsə bir çox hallarda orden və medallar hazırlanarkən əsasən keçmiş sovetlər birliyinin forma və dizaynı əsas götürülür. Ona görə də bir çox medallara yaxın məsafədən baxıb üzərindəki yazıları oxumasan, onun hansı zamanın medalı olmasını ayırd etmək çətin olur. Yəni medal daşıyanın hansı zamanın qəhrəmanı olmasını ayırd etmək çətin olur. Ona görə də mən istərdim ki, gələcəkdə orden və medallarımız hazırlananda daha çox Türkiyə və Avropa üslubuna üstünlük verilsin. Yeri gəlmişkən, bir məsələyə də diqqətinizi çəkmək istərdim. Hörmətli sədr! Azərbaycanın Milli qəhrəmanlarına təqdim olunmuş ordenlər də 92-ci ilin qanlı-qadalı, büdcənin kasıb olan vaxtı hazırlanıb və paylanılıb. Yəni dediyim odur ki, o heç də indiki zamanımızla ayaqlaşmır. Mən çox istərdim ki bizdə Milli qəhrəman ordenləri yenidən-daha müasir və daha əzəmətli formada işlənsin və paylansın. Çünki Milli qəhrəmanlar bizim həm də milli sərvətimizdi. Onlar da ən yaxşı orden və medal daşıyıcısı olmağa layiqdirlər.
Və sonda bir neçə kəlmə də biz deputatların "medal"ı sayılacaq döş nişanı barədə fikirlərimi bölüşmək istərdim. Biz millət vəkillərini cəmiyyət içində tanıtdıran, fərqləndirən bir detal var - bu da yaxamızda gəzdirdiyimiz döş nişanıdır. Amma gəlin diqqət yetirib görək o nə vəziyyətdədir. İlk əvvəl bunun bağlanma mexanizmasına diqqət edin.

İndiki zamanda dünyanın heç bir yerində bu cür Nuh əyyamından qalma - arxası iri sancaqlı nişanlar istehsal edilmir. Bu gün istər hansısa partiya və ya QHT üzvlərinin nişanlarına baxanda və ya müxtəlif tədbirlərdə paylanan döş nişanlarına baxanda - hamısı tərtibat və keyfiyyətinə görə zövq oxşayır. Dükan və mağazalarda satılan adi eynək, qələm, alışqan və s. əşyalar çox gözəl və nəfis hazırlanmış futlyarlarda satılır ki, bir çox hallarda futlyar içindəki əşyadan daha qiymətli və yaraşıqlı görünür. Amma deputat nişanları ən keyfiyyətsiz kartondan hazırlanmış boş qutuda verilir. Mən hesab edirəm ki, bu deputatlara qarşı olan diqqətsizlikdir. Bayaq bunun bağlanma mexanizmasına toxundum. Düz bağlamaq həddən ziyadə çətinlik yaradır. Bəlkə də elə buna görədir ki, bir çox deputatlar bunu ya tamamən taxmır, ya da ki, qıraqda qiymətli metaldan və daha müasir bərkitmə mexanizması olanını hazırladırlar. Lakin bütün deputatların da bunu hazırlatmaq imkanı yoxdur axı.

Amma yəqin ki, Milli Məclisin buna imkanı çatır. Və mən çox istərdim ki, azərbaycanlı deputatlara qiymətli metaldan hazırlanmış, gözəl futlyarda təqdim olunan döş nişanları verilsin ki, onlar da həmin nişanları fəxrlə gəzdirsinlər. Amma biz yaxamızda adi metaldan hazırlanmış və buna görə də bir müddət sonra tamamilə pas atmış döş nişanları gəzdiririk ki, adam az qalır buna görə xəcalət çəksin. Amma nəyə görə? Nədən millət vəkilləri qiymətli metaldan, zövqlə hazırlanmış nişanlar gəzdirməsinlər. Millət vəkillərinə maşın, silah, fərli-başlı maaş verilmir – bunların səbəbləri aydındır. Bəs adi bir döş nişanı hazırlatmaq beləmi çətindir? Yəni bu elə də böyük xərc tələb edən bir məsələ də deyil axı. Bu ayda və ya ildə bir dəfə deyil, 5 ildən bir paylanan nişandır. Bir çox deputatların 2 və ya daha artıq müddətə seçilməsini də nəzərə alsaq, ümumiyyətlə az vəsait tələb olunduğu məlum olur. Allah xatirinə, qoy bu lap Milli Məclis aparatının əmlakı olsun. Yəni deputatlar vaxtları bitəndən sonra vəsiqə ilə birlikdə onu da təhvil versinlər. Amma bu bir layiqli döş nişanı olsun. Əslində deputatın döş nişanı xüsusi koda və müvafiq sənədə də malik olmalıdır. Amma bu da yoxdur. Qəzet köşklərində nişanlar satılır ki, eynən deputat nişanlarından fərqlənmir. Ona görə də mən xahiş edərdim ki, gələcəkdə bu nişanlar hazırlanarkən qeyd etdiyim çatışmazlıqlar nəzərə alınsın. Diqqətinizə görə təşəkkür edirəm.


Mənim MM tribunasından etdiyim çıxış bundan ibarətdir. Həmişə olduğu kimi bu dəfə də dediklərimin hamısının arxasındayam. Nöqtəsindən tutmuş vergülünəcən. Amma demək istədiyim mətləb başqadır. Çox təəssüflər ki, çıxışımın əvvəlində 20 Yanvar şəhidləri, Milli qəhrəmanlarla bağlı qaldırdığım problemlər qaldı bir tərəfdə, ayrı vaxt Vətən, millət, qeyrət deyib sinələrini yırtan bəzi deputatlar bu olduqca vacib və önəmli məsələdə nə mənə dəstək oldu, nə də ki, bir yararlı təklif irəli sürdülər. Əvəzində isə söhbətin axarını dəyişib əsas mətləbdən də yayındırdılar. Yazıqlar olsun sizə... ayrı deyəcəyim yox.

Bu yazını yazmamaq da olardı. Çünki bir müstəqil deputat kimi heç bir partiya, qrup-filan qarşısında hesabat vermirəm. Yalnız bir millət vəkili kimi seçicilərim, bir jurnalist təki isə ictimaiyyət qarşısında özümü məsul sayıram. Və bu məsuliyyətin də yükünü həmişə öz çiyinlərimdə hiss edirəm. Yalnız bu. Və bu yazı da məhz onlara ünvanlanıb. Ki, oxuyub həqiqətin nədən ibarət olduğundan agah olsunlar. Yoxsa ki, siyasi mühitin dəyişməsiylə rəngini, cildini, simasını əlcək təki dəyişən bəzi siyasi və qələm adamları qarşısında özümə bəraət qazandırmaq heç umrumda da deyil. Bu qədər.