Azərbaycanlı konsul ukraynalı iş adamları ilə görüşdü - FOTOLAR

Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunda Xarkov vilayətinin bir sıra fabrik, zavod və sənaye müəssisələri rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib.


AZNEWS.AZ xəbər verir ki, dəyirmi masada Xarkov vilayət dövlət administrasiyasının, "Xarkov Elektromaş" zavodunun,"Truboatom" ASC-nin,"Xarkov Traktor"zavodunun,"Xarkov maşınqayırma" zavodunun rəhbərləri, müxtəlif fabrik və sənaye müəssisələrinin nümayəndələri iştirak ediblər.

Dəyirmi masanı Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov açaraq, ölkələrimiz müstəqillik əldə etdikdən sonra Azərbaycanla Ukrayna arasında bir çox sahələrlə yanaşı iqtisadi əməkdaşlığın inkişaf dinamikasından söz açıb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu social iqtisadi islahatlar, bölgədə həyata keçirilən qlobal iqtisadi layihələr haqqında ətraflı məlumat verən fəxri konsul Azərbaycan və Xarkov vilayətində fəaliyyət göstərən fabrik, zavod və sənaye müəssisələri, o cümlədən, aqrar və turizm sektorları arasında səmərəli əlaqələrin qurulması üçün əlverişli investisiya mühitinin olduğunu diqqətə çatdırıb.

Bu istiqamətdə fəxri konsulluğun regional əməkdaşlığın inkişafına, müştərək işbirliyinin qurulmasına və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə dəstək verməyə hazır olduğunu vurğulayıb.

Bu günlərdə Ukrayna Ali Radasının deputat qrupunun Azərbaycana işgüzar səfər etdiyini və səfər çərçivəsində keçirilən səmərəli görüşlər haqqında məlumat verən Əfqan Salmanov hazırda Xarkov vilayət rəhbərliyinin başçılığı ilə nümayəndə heyətinin Azərbaycana işgüzar səfərinin də hazırlandığını bildirib. Təşkil olunan hər bir səfərin ölkələrimiz arasındakı iqtisadi, mədəni əlaqələrin inkişafına təkan verəcəyini nəzərə çatdırıb.

Tədbirdə Xarkov vilayət dövlət administrasiyasının iqtisadiyyat və beynəlxalq əlaqələr departamentinin direktoru Viktor Kovalenko çıxış edərək son dövrlər Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə Azərbycanla Ukraynanın bir sıra regionları arasında yeni əməkdaşlığın qurulmasından bəhs edib. Bu baxımdan artıq Azərbaycanla Xarkov vilayətinin bir sıra sənaye müəssisələri arasında əməkdaşlığa dair müqavilənin imzalanmasının təqdirəlayiq hal olduğunu bildirib.

Xarkov vilayətinin işgüzar dairələrinin Azərbaycanla işbirliyinə xüsusi maraq göstərdiyini nəzərə çatdıran Viktor Kovalenko bununla bağlı yaxın gələcəkdə Xarkov vilayət rəhbərliyinin başçılığı ilə Azərbaycana olunacaq işgüzar səfərin faydalı nəticələr verəcəyinə əmin olduğunu vurğulayıb.

Dəyirmi masada"Xarkov Traktor" zavodunun regionlararsası əməkdaşlıq idarəsinin direktoru İqır Sazonov çıxış edərək Azərbaycana ağır traktorların göndərilməsində və müştərək işbirliyinin qurulmasında maraqlı olduqlarını bildirib.

Müzakirələrdə iştirak edən "Xarkov Elektromaş" zavodunun direktor müavini Roman Dolqiy, "Truboatom" zavodunun direktor müavini Aleksey Korşunov, "Xarkovmaş" müəssisəsinin direktorlar şurasının sədri Konstantin Dixtyarenko və bir sıra zavod və sənaye müəssisələrinin rəhbərləri Azərbaycanın aidiyyatı qurumları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasına xüsusi maraq göstərdiklərini və bunun gələcəkdə səmərəli fayda verəcəyinə əminliklərini bildiriblər.
image description image description image description