Prezidentə xəyanət və dövlətin sərt üzü - 16 mərtəbəli CİNAYƏT

Azərbaycan prezidenti bu ölkənin vətəndaşının həyatını hər şeydən önəmli saydığını bircə kəlmə ilə izah etdi: “Avropa Oyunları bu faciənin qarşısında heçə bərabərdir”.

Bilirsinizmi bu nə deməkdi? Dövlətin dünya miqyasında siyasi nüfuzunu artıracaq, iqtisadi perspektivlər yaradacaq xüsusi əhəmiyyətli heç bir tədbir ana qucağından yenicə ayrılmış körpələrin belə faciəsinin üstündə dayana bilməz. Bu, bir Azərbaycan nümunəsidir. Ləyaqətli dövlət başçısının öz xalqına verdiyi qiymətdir!


***

Bakıda ağır cinayət hadisəsi baş verdi. İştahası sərhəd tanımayan məmurlar və onların gözünü rüşvətlə bağlamış "iş adamı" epitetli yaramaz alverçi dəstəsi insanları diri-diri yandırdlar... Əlbəttə, həmin o keyfiyyətsiz üzlük materiallarını satanlar da, onları alıb binaları "bəzəyənlər" də bilirdilər ki, insanları hansı təhlükələrlə üz-üzə qoyurlar. Bilirdilər ki, əllərindəki zibil bir gün Bakını oda bürüyəcək. Bax elə bütün bunların fərqində ola-ola elə bir cinayətə əl atdılar ki, TÜSTÜSÜ hələ də təpəmizdən çıxır...

***

Dövlət tanımayan, xalqdan uzaq düşən və ancaq qarnının hayında olan bu "abadlaşdıranlar" dəstəsi – penaplast və penapoliuretan mafiyası bir neçə ildir ki, Bakını və ölkənin digər şəhərlərini "bəzəməklə" məşğuldur və onlara milyonlar qazandıran bu məşğuliyyət, belə görünür ki, dövlətin müvafiq qurumlarının diqqətini o qədər də çəkməyib. Hər halda mayın 19-da baş vermiş yanğın hadisəsilə bağlı yaradılmış dövlət komissiyasının iclasında baş prokuror Zakir Qaralovun dediklərindən belə məlum oldu ki, binaların üzlənməsi işləri bəzi hallarda rayon İcra Hakimiyyətlərilə müqavilə bağlanmadan aparılıb. Maraqlıdır, icazəsiz quşun də uça bilmədiyi bir dövrdə necə olub ki, yerli icra orqanları binalara üzlük vurlduğuna diqqət yönəltməyiblər? Necə olub ki, bir kimsə yaxınlaşıb işlərin hansı sənədlər əsasında aparılması ilə maraqlanmayıb? Əlbəttə, buna heç kəs inanmaz. Artıq hər kəsə aydındır ki, keyfiyyətsiz üzlük materialları ilə binaların üzərində dekorasiya işlərinin aparılması dövlətin vəsaitlərinə qənim kəsilmiş bir qrup məmurun əlavə "dolanışıq" yeri olub. İstifadə olunan material keyfiyyətsiz və insan həyatı üçün təhlükəi olsa da, sənədlərdə tamam başqa "standartlar" yer alıb və bununla külli miqdarda dövlət vəsaiti ayrı-ayrı şəxslərin cibinə axıb. Bu adamlar Prezidenti aldadıb, binaların üzlənməsində istifadə olunan materialların keyfiyyəti barədə ona həqiqətə uyğun olamayan məlumatlar veriblər. Dövlət başçısının özü bunu komissiyanın iclasında açıq şəkildə bildiridi: "Müvafiq dövlət qurumlarının nümayəndələri məni də dəfələrlə inandırırdılar ki, istifadə olunan bütün materiallar keyfiyyətlidir və odadavamlıdır. Ancaq hadisə onu göstərir ki, bu, yalan məlumatdır. Bu məsələ də araşdırılmalıdır ki, bu binaların təmirində istifadə olunan materiallar harada istehsal edilib, və ya haradan idxal olunub! Onlara kim sertifikat verib? Hansı ekspertizadan keçib? Əgər ekspertizadan keçibsə, o rəyi kim verib? Əgər ekspertizadan keçməyibsə, deməli, bu binalar qanunsuz şəkildə təmir olunub. Yəni, bütün bu məsələlər ciddi şəkildə araşdırılmalıdır".

***

Şübhəsiz, çoxsaylı insan tələfatı ilə nəticələnmiş yanğına görə məsuliyyət daşıyanlar cəzasını alacaq. Prezidentin qətiyyətli mövqeyini hər kəs gördü və eşitdi. Dövlət başçısının etimadından sui-istifadə olunub və bu xəyanət xarakterli əməllər son nəticədə insanlara öz evlərinin içində od vurulması kimi dəhşətli bir faciəyə gətirib çıxardı. Bizi bundan əvvəl ancaq ermənilər bu şəkildə yandırmışdı... Təəccüblənməyin, əslində elə də böyük fərq yoxdur. O qədər ağır bir faciə baş verib ki, buna baiskar olanları erməni terrorçuları ilə müqayisə etməkdən başqa seçimimiz yoxdur. Bu, mayası rüşvətlə yoğrulmuş məmurların, insanların qanını içməyə hazır olan "iş adamı" epitetli vampir sürüsü ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi mərhələli terror aktı idi. Bu cinayət bilirsinizmi haradan başlayıb? Həmin o üzlük materiallarının oda davamlılığını təmin edən xüsusi qatqıdan istifadə olunmayıb. Çünkü bu qatqı materialı bahadır və onu tenxnologiyaya uyğun istifadə edəndə məhsulun maya dəyəri artır, istehsalçıların qazancə isə azalır. Bax, beləcə limlərinsə artıq tamahı bizim hamımızı yandırıb-yaxdı...

***

Prezident ona inananları diri-diri yandırmış, ona səs vermiş insanların, mələk kimi körpələrin həyatına son qoymuş bir kimsəni bağışlamayacaq. Bu işdə hər hansı formada iştirakı olmuş, dəvlətin vəsaitlərini talamış, prezidenti isə aldatmış hər bir kəs ən ağır formada cəzalandırılacaq. Bunu dövlət başçısı qətiyyətlə bildiridi: "Mənə verilən bəzi məlumatlara görə, ilkin mərhələdə istifadə edilən materialların keyfiyyəti yüksək olub. Ancaq sonrakı mərhələdə artıq bu materialların tərkibində (onun odadavamlılığını təmin edəcək qatqıdan imtina edilib. Bilirsiniz nə üçün? Çünkü bu qatqı materialı bahadır onu tenxnologiyaya uyğun istifadə edəndə məhsulun maya dəyəri artır və təbii ki, bu səbəbdən onu istehsal edənin də qazancı azalır) təhlükəli maddələr aşkar olunub. Əgər bu, belədirsə, onda bu barədə də rəsmi rəy bildirilməlidir və bu işlərdə, günahsız vətəndaşların ölümündə təqsiri olan bütün qurumlar, bütün insanlar cəzalandırılacaq. Cəza da çox ciddi olacaq. Çünki günahsız insanlar həlak olub. Onların heç bir günahı yox idi".

***

Baş vermiş yanğın hadisəsi təbii olaraq ölkə mətbuatı və sosial şəbəkələrdə də müzakirə olunur. Kimi öz səmimi üzüntüsünü nümayiş etdirir, kimi də növbəti bir fürsət yaranıbmış kimi dövləti ittihamların hədəfinə gətirməyə çalışır. Hətta aralarında insanların faciəsindən sevincək düşmüş vicdansızlara da rast gəlinir ki, bu hadisədən siyasi məqsədlər üçün yararlanmaq istəyir və bütün çərçivələri aşaraq çıxışlarını iyrənc bir ritorika üzərində kökləyirlər. Öz ailəsini idarə edə bilməyən, övladlarını taleyin ümidinə buraxıb tüfeyli həyat sürən adamlar da bu aralarda dövləti idarə etməyin yolları barədə statuslar yazır, müxtəlif fikirlər, təkliflər səsləndirirlər. Əgər kimsə doğrudan da hesab edirsə ki, prezident penoplast sexlərinə gedib həmin o üzlük materiallarının hazırlanmasında istifadə olunan maddələri araşdırmalıymış, onda həmin adam siyasətin başını buraxıb təcili olaraq həkimlərə müraciət etməlidir. Bəli, baş vermiş hadisə göstərdi ki, Azərbaycanda yerində olmayan bir qrup məmur, Prezidentin etimadını doğrultmayan, onun "Xalqın yanında olun, insanların problemlərini həll edin" kimi çağırışlarından nəticə çıxarmayan məsuliyyətsiz səlahiyyət sahibləri var. Onların kimliyini prezident də bilir və çox keçməyəcək ki, biz həmin adamları layiq olduqları yerlərdə görəcəyik. Hər halda dövlət başçısının çıxışındakı bu məqam başqa qənaətlər yarada bilməz: "Əgər bütün işlər düzgün şəkildə qurulsa idi, bu hadisə baş verməzdi. Bir daha demək istəyirəm ki, indi mənə müxtəlif məlumatlar gəlir və bəzi hallarda bu məlumatlar ziddiyyət təşkil edir. Ona görə burada aydınlıq olmalıdır. Azərbaycan vətəndaşları bilməlidirlər ki, günahkarlar kimlərdir və bu hadisəyə görə kimlər məsuliyyət daşıyacaq... Hər kəs nəticə çıxarmalıdır. Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Bir daha qeyd etməliyəm ki, heç kim cəzasız qalmayacaq. Günahkar insanlar dövlət tərəfindən cəzalandırılacaq və ədalət bərpa ediləcəkdir".

***

Azərbaycanın əli milyardalarla oynayan oliqarx- iş admlarının bir çoxunu xalqa və dövlətə heç nə bağlamır. Onlar öz varidatlarına görə istənilən vaxt xalqa da, dövlətə də xəyanət etməyə hazırdırlar. Sonuncu yanğın hadisəsi bunu bir daha nümyiş etdirdi... Bir qrup dəllal yığınağı var ki, məhz onlar xalqla dövləti üz-üzə qoyur. Əlbəttə, Azərbaycan indi elə bir inkişaf mərhələsindədir ki, onun dayaqlarını sarsıtmaq asan məsələ deyil. Ölkə prezidentinin qurduğu sosial-iqtisadi sistem istənilən təlatümün qarşısında duruş gətirə biləcək gücdədir. Bu sistemi pul hərisi olan iş adamları dəstəsinin, penaplast mafiyasının cinayətlərilə zəiflətmək mümkün deyil. Azərbaycan dövlətinin güvəndiyi sədaqətli məmurları, ictimai-siyasi sabitliyi təmin edən, ölkənin iqtisadi inkişafına xidmət göstərən peşəkar kadrları, saat kimi işləyən qurumları, arxalana biləcəyi iş adamları da var .Söhbət qarşısında yaşıl işıq yandırılmış adamların bir qrupunun xəyanətkar davranışlardan gedir ki, onlar hətta körpə uşaqları diri-diri yandırmaq kimi dəhşətli cinayətə belə sürükləndilər... Bu, əvvəlcədən əlbir olaraq kütləvi qətl hadisəsi təşkil etmək kimi ağır bir cinayətdir ki, bədəli ağır olacaq!

***

Yaşadığımız ağır faciə bir həqiqəti də növəti dəfə üzə çıxardı. Azərbaycan Prezidenti həmişə xalqın yanındadır. O, dövlət başçısı kimi bu ağır günlərdə üzərinə düşən bütün müvafiq addımları atdı. Dövlətin mənafeyini özünün merkantil maraqlarına qurban verənləri isə İlham Əliyev heç vaxt bağışlamayacaq! Belələrinə prezidentin həmişə bir sözü olub: "Cinayət törətmisənsə get cəzasını çək, vəssalam". Bu, bir Azərbaycan nümunəsidir.

Nicat Dağlar