“ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik”

"Azərbaycan hökuməti ilə bp şirkəti arasında yaranan mübahisəyə münasibət bildirməyimiz düzgün deyil. Amma buna baxmayaraq, ABŞ hökuməti Qərb şirkətləri ilə Azərbaycan arasında əməkdaşlığa hər zaman dəstək verəcək".

AzNews.az-un məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Azərbaycana səfəri çərçivəsində Bakıda keçirdiyi görüşlərə də toxunan E.Rubin deyib ki, görüşlər zamanı ABŞ-Azərbaycan arasında bir sıra məsələləri, o cümlədən ticarət və təhlükəsizlik, demokratiya və beynəlxalq əməkdaşlıq sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib: "İki ölkə arasında qarşılıqlı investisiyalarının həyata keçirilməsi və ümumi investisiya mübadiləsinin genişləndirilməsi istiqamətində müzakirələr apardıq. Çünki, son illər də ABŞ-Azərbaycan arasında əməkdaşlıq genişlənib. ABŞ-Azərbaycanın strateji tərəfdaşıdır və bir sıra sahələrdə mühüm əhəmiyyət kəsb edir. Azərbaycan sülhməramlıları Əfqanıstanda xidmət keçməklə NATO-ya böyük töhfə verirlər. Biz bunu çox yüksək qiymətləndiririk".

E.Rubin həmçinin qeyd edib ki, ABŞ dövləti Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün təşkil edilməsini dəstəkləyir: "Biz ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik. Mənim bura səfərim isə prezidentlərin görüşünü hazırlamaqla bağlı deyil. Amma çox istərdik ki, belə bir görüş olsun".

Vasif Həsənli
AzNews.az