Arif Hacılı: “Müsavatı kimlərin maliyyələşdirdiyi bəllidir”

“Sərdar Cəlaloğlu dediklərindən yorulmur, amma insanlar onun dediklərini təkzib etməkdən yorulurlar”



Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılının AzNews.az-a müsahibəsi:


-Arif bəy, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu həmişə İctimai Palatanı sərt tənqid edir. Amma nədənsə Müsavat rəhbərliyi bu tənqidlərə demək olar ki, reaksiya vermir. Səbəb nədir?

-Hesab etmirəm ki, lazımınca cavab verilmir. Məsələ burasındadır ki, o, dediklərindən yorulmur. Amma insanlar onun dediklərini təkzib etməkdən yorulurlar. Səbəbi də budur.

-Siz "Qarabağ" blokunun fəaliyyətini necə qiymətləndirirsiz?

-Mən bu blokun fəaliyyətindən məlumatsızam. Ona görə onların fəaliyyətinə qiymət verməyim düzgün olmaz. İctimai Palataya aid olan suallara cavab verə bilərəm.

-Demokratik Qüvvələrin Məşvərət Məclisi (DQMM) İctimai Palataya əməkdaşlıq etmək üçün müraciət edib. Niyə hələ də onların müraciətləri cavabsız qalıb?

-Biz Demokratik Qüvvələrin Məşvərət Məclisi kimi (DQMM) İP-i qəbul edirik. İctimai Palata çərçivəsində müvafiq missiyanın həyata keçirilməsi ilə məşğuluq. Eyni məqsədlə qurulmuş qurumlarda iştirak etməyə zərurət görmürük. Biz onlara uğurlar arzulayırıq.

-Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsi reallaşır. Bu maliyyələşmə ilə bağlı təklif olunan bölgüyə, qaydaya münasibətiniz necədir?

-Bu, siyasi cəhətdən reallığı əks etdirməyən bir haldır. Belə ki, Azərbaycanın aparıcı siyasi partiyaları maliyyələşmədən kənarda qalıb. Süni şəkildə yaradılmış ictimai-siyasi həyatda iştirak etməyən bəzi partiyalar isə dövlət büdcəsindən maliyyələşir. Elə partiyalar var ki, nəinki ictimaiyyət, hətta peşəkar siyasətlə məşğul olan şəxslər də bu partiyaları tanımır. Hesab edirəm ki, bu siyasət müxalifətsiz bir cəmiyyət yaratmağa yönəlib.

-Maliyyənin çox hissəsini partiyaların Milli Məclisdəki nümayəndələrinə əsasən verirlər...

-1990-cı ildən indiyə kimi Azərbaycan parlamentində nə AXCP, nə də Müsavat partiyası təmsil olunmur. Belə bir məqamda bu qanunun qəbul edilməsi bu təşkilatları maliyyələşmədən kənarda qalmasına səbəb oldu. Son seçkilərdə də Müsavat partiyası Yeni Azərbaycan Partiyasından (YAP) sonra ən çox səs toplayan partiya olub. Bununla belə Müsavat partiyası maliyyələşməyəcək.

-YAP-çı deputat Aydın Mirzəzadə deyib ki, siyasi partiyaların sponsorları olmalıdır. Bu fikirlə necə, razısınız?

-Bu, absurd fikirdir. Çünki Azərbaycanda müxalifət partiyalarını maliyyələşdirmək az qala dövləti cinayət kimi qəbul edilir. Partiyalara maliyyə ötürməkdə şübhəli bilinən şəxslər haqqında cinayət işləri açılır.

-Müsavat Partiyasının belə sponsoru yoxdur?

- Müsavatın maliyyə mənbələri aydındır. Partiyamızın maliyyə mənbələri əsasən üzvlərdir. Partiyanın rəhbərliyinə daxil olan, müəyyən peşə fəaliyyəti məşğul olan şəxslər üzvlük haqqı ödəyirlər. Müsavat partiyasının fəaliyyəti könüllülük əsasında qurulur. Partiyada fəaliyyət göstərən şəxslər məvacib almırlar. Əvəzi ödənilməyən əməkləri hesabına fəaliyyət göstərirlər. Bu, partiyanın başqanına da aiddir.

-Arif bəy, başqan müşaviri Yadigar Sadıqovun istefasına münasibətiniz necədir?

-Məsələnin mahiyyəti barədə ətraflı məlumata malik deyiləm. Ona görə də əlavə şərh vermək istəmirəm.

-"Sərbəst toplaşmaq azadlığı" haqqında qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi hazırlanıb. Burada cərimələrin artırılması nəzərdə tutulur. Bu barədə nə deyə bilərsiz?
-Bu, demokratik proseslərin qarşısını alan növbəti addımdır. Qanuna dəyişiklik olarsa, bu, ölkədə vəziyyətin daha da antidemokratikləşməsinə rəvac verəcək. Faktiki olaraq "Sərbəst toplaşmaq haqqında" qanun ləğv olunub, mövcud deyil. Azərbaycan hakimiyyəti 50 nəfərlik piketlərin keçirilməsinə belə icazə vermir. İndi insanları böyük cərimələrlə onların öz fikirlərini azad şəkildə ifadə etmək hüququndan məhrum edirlər. Bu yol yanlış yoldur. Bu, Azərbaycan cəmiyyətini uçuruma aparır.

-Oktyabrın 20-dəki mitinqdə Müsavat partiyası iştirak edəcək?

-Bu mitinq gənclərin təşəbbüsü ilə həyata keçirilir. Kütləvi aksiyada Müsavat Partiyasının üzvləri də iştirak edəcək. Aksiya keçiriləcəksə, bütün fəallar orada olacaq.

-Siz özünüz həmin aksiyaya qoşulacaqsız?

-İştirak etmək ehtimalım etməməkdən azdır.

İlkin Pirəli
AzNews.az