- Köhnə - Siyasət
- 19 Oktyabr 2012 07:49
- 2 921
“ATƏT-in Minsk Qrupunun indiki kimi fəaliyyəti lazım deyil”
“ABŞ prezidenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə xüsusi nümayəndə təyin etməlidir”
"ATƏT-in Minsk Qrupu öz lazımsızlığını göstərdi, əgər indiki kimi fəaliyyət göstərəcəksə, o heç kimə lazım deyil". APA-nın məlumatına görə, bu fikirləri Ceymstaun Fondunun nümayəndəsi Vladimir Sokor Bakıda keçirilən Azərbaycan-ABŞ münasibətlərinə həsr olunmuş konfransda deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunda islahatlar aparılmalı, ABŞ bu müstəvidə Rusiya ilə müqayisədə daha aktiv rol oynamalıdır.
"Hesab edirəm ki, ABŞ prezidentinin yüksək səviyyəli xüsusi elçi təyin etməsi ço effektiv olardı. Dnestryanı münaqişənin nizamlanmasında iştirak edən Almaniyanın təcrübəsindən istifadə də faydalı olardı. Azərbaycan Qərbə doğru inteqrasiya götürüb və bununla əlaqədar Rusiya və İran tərəfindən risklərlə üzləşib".
Ekspert bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ABŞ-ın Azərbaycan siyasətinin əsas prioritetləri sırasına daxil edilməyib və münaqişənin nizamlanması üçün bu vəziyyəti dəyişmək lazımdır: "ABŞ etnik təmizləmələrin qarşısını almaq üçün Kosovo, Bosniya, hətta Xorvatiyada əməliyyatlar keçirib, lakin Dağlıq Qarabağa münasibətdə belə addım atmayıb. Bunu etməməsinin səbəbi Rusiyanı və güclü erməni lobbisini qıcıqlandırmamaqdır. ATƏT-in Minsk Qrupunda balans yaratmaq üçün ABŞ prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsinin təyin olunması vacibdir. Rusiya ATƏT-in Minsk Qrupunda ermənilərin Azərbaycan torpaqlarına iddialarının qarantı rolunda çıxış edir".
Vladimir Sokor Xankəndi aeroportunun istismara verilməsini Ermənistanın növbəti təxribatı kimi dəyərləndirib.
AzNews.az