“Etibar Məmmədovun seçkidə iştirak etməsini istəyirik” – Açıqlama

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun noyabrın 1-də keçiriləcək parlament seçkisində iştirak edib-etməyəcəyi bilinmir.

Bu sözləri AzNews.az-a partiyanın baş katibi Arzuxan Əlizadə deyib.

Onun sözlərinə görə, Etibar Məmmədovun seçkidə iştirak etməsi onun öz qərarından asılı olacaq: "Hər bir namizəd fərdi olaraq öz qərarını açıqlamalıdır. Etibar bəy seçkilərdə iştirakı ilə bağlı hələ öz fikrini bildirməyib. Ona görə də, onun adı partiyanın açıqladığı siyahıda yoxdur. Amma şübhəsiz ki, biz onun namizədliyinin irəli sürülməsini istəyirik. O, namizəd olduğu halda partiya bütün resurslarını Etibar bəyin seçkisinə yönəltməyə hazırdır. Amma yenə də bizim bu məsələyə ehtimalla yanaşmağımız düzgün deyil".

Qeyd edək ki, AMİP-in lideri Etibar Məmmədov sonuncu dəfə 2005-ci ildə keçirilən parlament seçkisində 16 saylı Yasamal İkinci Seçki Dairəsindən namizədliyini irəli sürüb. Amma qələbə qazana bilməyib. Ondan sonra Etibar Məmmədov aktiv siyasətdən uzaqlaşıb.

Sevinc Yasinqızı
AzNews.az