Azərbaycan və San-Marino arasında - Saziş layihəsi

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan San-Marinonun xarici işlər naziri Paskal Valentini ilə görüşüb.


İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və San-Marino arasında siyasi əlaqələrin inkişaf etdiyini, iqtisadi əlaqələrin genişləndiyini vurğulayıb, səfər çərçivəsində iki ölkə arasında imzalanmış ikiqat vergitutmanın aradan qaldırılması və diplomatik və xidməti pasportlara malik şəxslərin vizadan azad edilməsinə dair sənədlərin ölkələrimiz arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini bildirilib. Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş layihəsi isə razılaşdırma mərhələsindədir.

İş adamları arasında əlaqələrin qurulmasının vacibliyini qeyd edən Ş.Mustafayev imzalanmış sənədlərin və qarşılıqlı səfərlərin bu baxımdan əhəmiyyətini qeyd edib, kənd təsərrüfatı, sənaye, neft-kimya, turizm, İKT və alternativ enerji sahələrində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Nazir Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, ölkəmizin siyasi və makroiqtisadi baxımdan sabit ölkə, dünyada etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi, böyük transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçılarından olduğunu qeyd edib.

Ş.Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini, Ermənistanın işğalçılıq siyasətinin regional inkişafa əsas maneə olduğunu bir daha diqqətə çatdırıb.

San-Marinonun xarici işlər naziri P.Valentini qonaqpərvərliyə görə təşəkkür edib, ölkəsinin inkişaf edən Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. P.Valentini iqtisadi sahədə ölkələrimiz arasında əlaqələrin inkişafına dair fikirlərini bölüşüb, San-Marinonun turizm, İKT və infrastruktur sahələrinə investisiya qoyuluşu imkanlarını qeyd edib, ölkəsinin iqtisadiyyatına dair məlumat verib.