Nərgiz Cəlilova telekanalları sərt tənqid etdi

“Azərbaycan Televiziyası bu gün çox böyük problemlə üz-üzədir”



"Bu gün cəmiyyətin tələbi nədirsə, telekanallar da onu yayımlayır. Amma etiraf etməliyəm ki, mən televiziyanı başqa cür görürəm". Bunu AzNews.az-a məşhur teleaparıcı Nərgiz Cəlilova açıqladı.

Onun sözlərinə görə, Azərbaycan inkişaf etmiş ölkələr siyahısında olsa da, televiziya sahəsində geri qalır: "Avropaya, dünyaya inteqrasiyanı, yeniliyi elə o anda özümüzə tətbiq etməyi xoşlayırıq. Dünyanın bütün brend markaları Bakıdadır. Deməli, bu brend markalara tələbat var. Amma nə yazıq ki, biz televiziya kanallarında hələ o səviyyəyə gəlib çata bilməmişik.

Azərbaycan Televiziyası bu gün çox böyük problemlə üz-üzədir. Aparıcılar bizim gözəl bölgələrimizin şivə və ləhcələrini efirə gətirib. Aparıcı şəhər dialektində danışmalıdır. Bu gün bizim aparıcıların biri rus, biri türk, biri də rayon ləhcəsində danışır. Bu efir üçün qəbul olunmazdır. İki dil var - şəhər və əyalət. Televiziyaların 80 faizi əyalət dialektində danışır. Elə başa düşməsinlər ki, biz bunu deməklə rayon ləhcələrini sevmirik? Əsla yox. Sadəcə bunlar televiziyada qəbul olunmur. Rus və türk kanallarına baxaq.

O kanallarda şəhər dialektindən savayı başqa söz eşidə bilməzsiniz. İstər Rusiya, istərsə də Türkiyə olsun, hər iki ölkədə yetərincə ləhcələr, şivələr var. Onların təqdim etdiyi proqramlarda bunların biri də gözə dəymir.

Mənim vaxtımda belə bir şərt qoymuşdular. Rayon ləhcəsi ilə danışan aparıcıları efirə buraxmırdılar. Amma bu gün elə aparıcı tapa bilməzsən ki, o, ləhcə ilə danışmasın. Mən başa düşə bilmirəm, Avropa deyirik, amma geri gedirik".

Aparıcı təəssüf hissi ilə onu da bildirdi ki, Azərbaycan telekanallarının faciələrindən biri isə cəmiyyətlə ayaqlaşa bilməməsidir: "Rusiya və Türkiyə kanallarında cəmiyyətlə bütövləşmə var. Amma bizdə isə bu yoxdur. Biz tamaşaçıların istəyinə uymamalıyıq. Tamaşaçıları qanunların arxasınca aparmalıyıq".

Bu gün də telekanllardan dəvət aldığını deyən N. Cəlilova bir çox səbəblərə görə telekanallarda işləyə bilmədiyini söylədi: "Heç bir kanalda işləmirəm. Sadəcə, prodakşın şirkətlərində işləyirəm, layihələri özümə görə seçirəm. Gündəlik layihələrdən dəvət alıram. Amma qəbul etmirəm. Çünki gündəlik layihələr çox əzablı işdir, üstəlik əmək haqqı da aşağı. Bir layihə başa çatandan sonra dincəlirəm. Gərək elə bir layihələr olsun ki, mən ondan keçə bilməyim. Belə səviyyədə proqram təqdim etmək çox çətindir".

Bahar Rüstəmli
AzNews.az