Bakıya qaçan erməni Azərbaycana gəlməkdə israrlı olub

Erməni mətbuatı rəsmi Bakıdan siyasi sığınacaq almış erməni fəal, Ermənistan Millətdaxili Azadlıq Hərəkatının lideri Vahan Martirosyanın Azərbaycana Gürcüstan xüsusi xidmət orqanları tərəfindən verildiyini iddia edirlər.


AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, bu versiyanın tərəfdarları iddia edirlər ki, Vahan Martirosyan siyasi sığınacaq üçün Gürcüstana müraciət edibmiş, amma Gürcüstan xüsusi xidmət orqanları onu Azərbaycana satıblar.



Vahan Martirosyan - Ermənistan Millətdaxili Azadlıq Hərəkatının lideri


Bu versiyalar Azərbacanı diqqətli olmağa vadar edir. Sentyabarın 18-də saat 12-də Bakıda mətbuat konfransı keçirəcək Vahan Martirosyanın ilk çıxışında nə deməsindən asılı olmayaraq, gələcəkdə o da 2010-2014-cü illərdə 5 nəfərlik ailəsi ilə birlikdə Azərbaycana sığınmış Yeqişe Gevorkyan kimi davrana bilər. İrəvana dönən Gevorkyan haqqında qaldırılmış cinayət işlərindən yaxa qurtarmaq üçün Azərbaycan haqqında geniş əks təbliğata başlamışdı və erməni mətbuatı bir müddət bunu öz təbliğat ruporunda istifadə etmişdi.

Amma Vahan Martirosyanın Bakıya gəlməsində dəstəkçi olmuş QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev və hüquq müdafiəçisi Novella Cəfəroğlu Vahan Martirosyana çox inanırlar.


Novella Cəfəroğlu - hüquq müdafiəçisi

ANS PRESS-ə müsahibə verən Novella Cəfəroğlu Vahan Martirosyan barədə ondan xahişi Cənubi Qafqaz Qadın Konqressindən tanıdığı erməni QHT-çi qadınların etdiyini deyir: "Buna görə onu orada çox incidiblər. Arvadı Karina Martrosyanı elə döyüblər ki, uşaq salıb. Bir körpələri ilə Azərbaycana sığınmağa məcbur olublar. Mənə əvvəlcə deyəndə, cavab verdim ki, qoy Gürcüstandan, ya başqa ölkədən sığınacaq istəsin. Amma dedilər ki, o, Azərbaycana gəlməkdə israrlıdır. Sonra özləri ilə tanış oldum, gördüm, vəziyyətləri doğrudan da ağırdır. Bundan sonra Azərbaycan rəhbərliyinə müraciət etdim".

Azay Quliyev isə Vahan Martirosyanın Ermənistanda çox sayda tərəfdarının olduğunu deyir. "O, Serj Sarkisyanın başçılıq etdiyi Ermənistan hakimiyyətini işğalçı sayır və Qarabağın Azərbaycan torpağı olmasını dəfələrlə bəyan edib. Ermənistanda bu cür düşünən insanlar çoxdur. Sadəcə, hakimiyyət belə adamları çox incidir ki, səsləri çıxmasın. Amma Vahan Martirosayan qorxmayıb, danışıb", - deyə Azay Quliyev bildirib.


Azay Quliyev - QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri

Azay Quliyev sözlərinə dəstək kimi 2015-ci ilin fevral ayında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən Xocalı soyqırımında iştirakına görə Ermənistanın prezidenti Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün təşkil edilmiş petisiyanı xatırladır: "Petisiyaya 17 ölkədən 100 min nəfər imza atmışdı. İmzaların bir neçə yüzü Ermənistandan atılmışdı".

Lakin bununla belə Azay Quliyev Vahan Martirosayanın Bakıda çox qalacağına inanmır. "Yəqin bir müddətdən sonra mübarizəni davam etdirmək üçün üçüncü ölkəyə üz tutacaqlar. Sadəcə, Azərbaycana gəlməklə səslərini dünyaya çatdırmaq istəyirlər ki, gedəcəkləri ölkələrdə təhükəsizlik gücləri onları qorusun. Əks halda, Serj Sarkisyanın qatilləri onları aradan götürməyə çalışacaqdılar".


Yeqişe Gevorkyan və arvadı Ruzanna Marqaryan İrəvanda

Əslində, bu versiya Vahan Martirosyan üçün də ən əlverişli ola bilər. Əks halda, onu da 2014-cü ilin dekabr ayında Qırmızı Xaç tərəfindən Ermənistana qaytarılmış Yeqişe Gevorkyan və arvadı Ruzanna Marqaryan kimi məhkəmə qarşısına çıxara bilərlər.