Qarabağın erməni ərazisi elan edilməsinə - YAP-dan münasibət

“Ermənistan Prezidenti Serj Sarkisyan aqressiv çıxışına görə siyasi ittihamlara tuş gələcək. Digər tərəfdən Sarkisyanın əsəbdən irəli gələn etirafı Dağlıq Qarabağ probleminin onları çıxılmaz vəziyyətə saldığını göstərir”.

AzNews.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Serj Sarkisyanın Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olması barədə çıxışını şərh edərkən deyib.

A.Mirzəzadə deyib ki, Serj Sarkisyan bu bəyanatı ilə öz mahiyyətini üzə çıxarır: "Bununla Ermənistan Prezidenti beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozmasını etiraf edib. Sarkisyanın qonşu ölkələrin ərazilərinə göz dikməsi ilə bağlı çıxışı birinci hal deyil. Bir vaxtlar Ermənistanın gəncləri qarşısında çıxış edərkən Sarkisyan Türkiyəyə qarşı ərazi iddiası ilə də çıxış etmişdi".

Deputatın sözlərinə görə, Ermənistanın bir milli ideası var, bu da qonşu ölkələrin ərazilərinə göz dikməkdir: "Ermənistan artıq öz tələsinə düşüb. Cəbhədə təxribat törətmək istəyərkən, ağır zərbə alıblar və ciddi itki verib. Ermənistan cəzasız qalmayacaq, silahlı təxribatlarına ikiqat cavab alacaqlar".

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan bu gün qondarma "erməni soyqırımının 100 illiyinə həsr olunmuş" tədbirlərin koordinasiyası üzrə dövlət komissiyasının iclasında Dağlıq Qarabağı Ermənistanın ayrılmaz hissəsi kimi göstərib.