Azərbaycan uzun illər səbrlə aparılan düşünülmüş strateji siyasətin bəhrələrini əldə edir Azərbaycan uzun illər səbrlə aparılan düşünülmüş strateji siyasətin bəhrələrini əldə edir

Azərbaycan: bütün cəbhələrdə tam sürətlə böyük qələbəyə - ANALİZ

Azərbaycan uzun illər səbrlə aparılan düşünülmüş strateji siyasətin bəhrələrini əldə edir


Bir müddətdir ki, Qarabağ ətrafında həm siyasi, həm də hərbi vəziyyət gərginləşib. Ordumuz qoşunların təmas xəttində və sərhədlərimizdə erməni təxribatlarının qarşısını alır və düşmənə ağır zərbələr endirirlər. Son illərdə ordunun maddi-texniki təchizatının ən yüksək səviyyəyə çatdırılması, hərbçilərin peşəkarlığının artırılması, ən modern hərbi texnologiyaların alınması Azərbaycan ordusunu regionun ən qüdrətli ordusuna çevirib. Bu da işğalçı Ermənistanı qorxuya salıb.

Bununla paralel olaraq siyasi-diplomatik cəbhədə və informasiya müharibəsində ardıcıl olaraq inanılmaz qələbələr qazanılır. Bu onu göstərir ki Azərbaycan dövlət rəhbərləri yatmır, gecə-gündüz əzmlə işləyir və nəticələr də ortadadır. Azərbaycan hakimiyyəti həm yaranmış beynəlxalq və geosiyasi situasiyadan vaxtında və məharətlə faydalanır, həm də uzun illər səbrlə aparılan düşünülmüş strateji siyasətin bəhrələrini əldə edir.

İndi həm düşmən ölkə, həm də onun dünyadaklı havadarları fakt qarşısında qalıb. Artıq məsələsini uzatmağın yeri yoxdur. Ya problem sülh yolu ilə ədalətli şəkildə həll edilməlidir, ya da Azərbaycan adekvat tədbirlərlə öz ərazilərini işğalçı-terrorçulardan təmizləyəcək.

Azərbaycan Qərbdən nə istəyir?

Bakı işğalçı qoşunların Dağlıq Qarabağ ətrafındakı Azərbaycan rayonlarından çıxarılması məsələsində ABŞ, Rusiya və Avropa dövlətlərindən, həmçinin beynəlxalq təşkilatlardan Ermənistana təzyiq göstərməsini tələb edir. Lakin maraqlıdır ki, yalnız Rusiya Azərbaycanın bu mövqeyini dəstəkləyir və münaqişənin həll edilməsi üçün addımlar atmağa başlayıb. Qərb dövlətlərindən isə heç bir dəstək yoxdur, əksinə cəbhədə fəallığın artmasından narahat olduqlarını bəyan edirlər.

Yaxşı cənablar, bəs nə təklif edirsiniz? Bəlkə heç bu barədə danışmayaq, öz torpaqlarımızı Ermənistana bağışlayaq? Hanı sizin beynəlxalq təşkilatlarınız, dünya birliyiniz, strateji əməkdaşlığınız? Axı biz sizin üçün nə mümkündür etmişik. Bunun əvəzində siz Ermənistanı müdafiə edirsiniz?

Biz başa düşürük, o vaxt SSRİ-ni etnik münaqişələr zəminində dağıtmaq üçün erməni lobbisindən istifadə etmisiniz, Qarabağ problemini bizim üçün hazırlamısınız. Buna görə erməniləri dəstəkləməyə boyun olmuşdunuz. Lakin artıq necə deyərlər keçmiş keçmişdir. Biz bunu sizə bağışlayırıq, indi buyurun yaratdığınız problemin ədalətli həllinə kömək edin.

"Demokratik" Qərb məsələlərə hansı prinsiplərlə baxır?

Fakt budur ki, Azərbaycandaki iqtisadi layihələrdə, siyasi, hərbi məsələlərdə Qərb dövlətlərinə daha çox üstünlük verilib. Azərbaycanın xarici siyasətinin əsas istiqaməti Avropa məkanına inteqrasiyadır. Enerji layihələrində böyük paya Qərb dövlətləri malikdir, ölkə iqtisadiyatına investisiya qoymaq üçün Qərb şirkətləri daha çox imkan yaradılıb. Beləliklə, biz Qərb üçün nə verə biliriksə vermişik.

İraqda, Bosniyada, Əfqanıstanda beynəlxalq koalisiyanın tərkibində fəal iştirak etmişik. Bir sözlə, Azərbaycanda Qərbin bütün maraqları təmin olunub, strateji əməkdaşlıq edilir, ölkə sərvətlərindən ciddi qazanc əldə edirlər. Amma əvəzində heç nə görmürük.

Niyə beynəlxalq qanunlara, insani etikaya tüpürərək qonşu xalqlara qarşı açıq terror və soyqırım həyata keçirən, başqa dövlətin ərazisini işğal edən dövlətə təzyiq etmirlər? Beynəlxalq təşkilatların qətnamələri kağız parçası sayan Yerevana niyə heç nə deyə bilmirlər? 25 ildir gülməli, şablon bəyanat və açıqlamalarla kimin başını qatırlar? Özləri demokratik, ədalətpərvər olmayan dövlətlər başqalarından nə haqla nəsə tələb edə bilərlər?

Azərbaycan öz yolunu özü seçir

Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu və ikitərəfli əməkdaşlığa üstünlük verir. Bakı balanslı siyasət yeridir və qlobal rəqiblər arasında tərəf seçmir. Lakin bu o demək deyil ki dövlətimizin, xalqımızın mənafeyi tələb edəndə seçim edə bilmərik.

Azərbaycandan nəyi və niyə tələb edirlər? Biz Qərbin mənafeyi naminə yaxın qonşularımız İranla, Rusiya ilə düşmən ola bilmərik, əvvəla onlarla tarixi qonşuluğumuz var, ikincisi böyük iqtisadi, sosial, mədəni və s əlaqələrimiz var, ücüncüsü bizə yeni düşmənlər lazım deyil, yeni dostlar lazımdır.

Azərbaycan bloklara qoşulmayanlar hərəkatında təmsil olunur. Lakin, NATO, Qərb institutları ilə sıx əməkdaşlıq edilir. Həmçinin, Rusiya ilə. Bu o demək deyil ki, biz ölkəmizin mənafeyi naminə yeri gələndə seçim edə bilmərik. Ehtiyac yarananda edəcəyik, bunun üçün heç kimdən icazə almalı deyilik. Biz Ermənistan deyilik.

Azərbaycan dünyanın sivil, iqtisadiyyatı inkişaf etmiş, zəngin qədim və müasir mədəniyyətə malik sosial dövlətlərindən biridir. Bütün xalqların, iqrlərin, dinlərin... birgə və mehriban yaşadığı nümunəvi multikultiralizm adasıdır. Bizim dəyərlərimiz budur. Bu dəyərlər bizə hər hanı bir problem sülh yolu həll etməyi öyrədib. Lakin bir halda ki başqa variant qoymurlar, onda bizim hər kəslə öz başa düşdüyü dildə danışmağa da gücümüz var.

Rusiya Azərbaycanla niyə yaxınlaşır?

Proseslərin dinamikasına baxsaq, görərik ki, Rusiya Azərbaycana qarşı siyasətini dəyişir, Ermənistanla münasibətlərdə soyuma müşahidə olunur. Kremldə artıq anlayırlar ki, getdikcə gərginləşən mübarizədə əsas məsələ strateji iqtisadi maraqlardır, buna görə də ağıllı seçim vaxtı yetişib.

Moskva Azərbaycanın timsalında Qafqazda və Xəzərdə nələri itirdiyini anlamağa başlayır. Böyük enerji, tranzit, ölkədaxili iqtisadi layihələrdə, ticarət əməliyyatlarında, eləcə də siyasi, hərbi və s sahələrdə Azərbaycanın Rusiyaya verdiyi xeyir, Ermənistanın vurduğu zərərlə müqayisə ediləndə məsələ aydın olur.

Azərbaycan isə bundan istifadə etməyə məcburdur. Biz yeri gəlsə, Avrasiya İttifaqına da qoşula bilərik, MBD-də fəal itirak edə biərik, KTMT-yə də qoşula bilərik- təbii ki, əgər Kreml Qarabağla siyasətini tamam dəyişsə.

Kim torpaqlarımızı azad etməkdə bizə yardım edərsə, biz onunla daha sıx əməkdaşlıq etməyə hazırıq. Hələlik görünən odur ki, Rusiya buna çalışır. Azərbaycanın yürütdüyü düşünülmüş siyasət Ermənistanın ən böyük strateji müttəfiqini belə tərəfimizə çəkməyi bacarıb.

Azərbaycan dövləti, Azərbaycan Prezidenti də məsələlərə bu kontekstdən baxır- əsas Azərbaycanın maraq və mənafeləridir, biz hansısa Qərb dövlətinin maraqlarını yox, öz ölkəmizin maraqlarını təmin etməliyik. Elə belə də edirik. Qarabağ üçün hər şeyə getməyə dəyər- hər şeyə!

Elçin Bayramlı
Azadinform