Üzeyir Məmmədli NİDA-dan getdi

“Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Üzeyir Məmmədli hərəkatdan istefa verib.


AzNews.az xəbər verir ki, bu barədə məlumatı Üzeyir Məmmədli öz "Facebook" hesabında yazıb. O, hərəkatdan ayrılmasının səbəblərini açıqlamayıb: "Bu gündən təsisçilərindən biri olduğum "Nida" Vətəndaş Hərəkatının sıralarını tərk edirəm. Bu hərəkatla çox şeylər yaşamışam. Amma hesab edirəm ki, vaxtında getməyi bacarmaq lazımdır. İstefamla bağlı bundan başqa heç bir açıqlama verməyəcəyəm. Heç bir suala cavab vermək fikrim yoxdur".

Qeyd edək ki, Üzeyir Məmmədli 2013-cu ildə həbs olunub. 2014-cu ilin dekabrın 30-da isə prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

Onu da bildirək ki, Üzeyir Məmmədli hərəkatın üzvü olaraq noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 19 saylı Nərimanov Birinci seçki dairəsindən namizədliyini irəli sürüb.

Sevinc Yasinqızı
AzNews.az