Prezident: “Münaqişələrlə bağlı heç bir müsbət perspektiv müşahidə etmirik“

"Biz regionlarımızdakı münaqişələrlə bağlı nizamlanma istiqamətində heç bir müsbət perspektiv müşahidə etmirik".
AzNews.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 18-ci iclasının iştirakçıları ilə görüşündə deyib.

Dövlət başçısı çıxışında qeyd edib: "Bu gün Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları rəhbərlərinin növbəti konfransı işə başlayır. Mən sizi salamlayıram. Həmçinin qeyd etmək istəyirəm ki, konfransda tərəfdaş ölkələrin Xüsusi Xidmət Orqanlarının rəhbərləri də iştirak edirlər. Şadam ki, bu tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olmayan, lakin bizə dost dövlətlərin nümayəndələri də iştirak edirlər".

İlham Əliyev bildirib ki, bu, çoxplanlı və çoxşaxəli əməkdaşlığın yaxşı nümunəsidir: "Əminəm ki, bu gün və sabah Bakıda aparılacaq müzakirələr, fikir mübadilələri faydalı olacaq, eləcə də bizim xüsusi xidmət orqanları arasındakı qarşılıqlı əməkdaşlığın genişlənməsinə, fəaliyyətin daha yaxşı əlaqələndirilməsinə və ölkələrimizin milli təhlükəsizliyinin təmin olunması üçün səylərin birləşdirilməsinə dəstək olacaq. Sizin ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəsizliyin möhkəmləndirilməsinə, risklərin minimallaşdırılmasına böyük diqqət yetirilir. Deməliyəm ki, ölkə daxilində potensial təhdid və risklər yoxdur. Ancaq əlbəttə, bizim yerləşdiyimiz regionda baş verən prosesləri dəqiqliklə izləməli və ölkəmizin, xalqımızın təhlükəsizliyini maksimum təmin etməliyik ki, Azərbaycan bundan sonra da inkişaf və tərəqqi yolunu davam etdirsin".

Prezident deyib ki, möhkəm təhlükəsizlik sistemi, ictimai-siyasi sabitlik olmadan heç bir ölkədə inkişaf mümkün deyil: "Azərbaycan 1990-cı illərin əvəllərində sabitliyin pozulduğu dövrün çətinliklərini öz üzərində hiss edib. Bu, qan tökülməsinə, vətəndaş müharibəsinə, sabitliyin pozulmasına gətirib çıxardı. Ancaq 20 ildən çoxdur ki, Azərbaycanda inamlı, ardıcıl inkişaf, təhlükəsizliyin möhkəmlənməsi müşahidə olunur. Əlbəttə ki, istənilən ölkənin iqtisadi inkişafı təhlükəsizliyin təminatı səviyyəsi ilə birbaşa bağlıdır. Çünki bu gün bir çox ölkələr xarici investisiya mənbələri axtarır. Təbii ki, təhlükəsizliyi hələ lazımi səviyyədə olmayan ölkəyə investisiya qoyuluşunu gözləmək düzgün olmazdı".

Dövlət başçısı hesab edir ki, Bakıda keçirilən bu cür tədbirlər çox vacib praktik əhəmiyyətə malikdir: "Bir tərəfdən bu, 10 ildən artıq keçirilən ənənəvi konfransdır. Bu, yaxşı ənənədir, onu davam etdirmək lazımdır. Praktiki nöqteyi-nəzərdən daimi informasiya mübadiləsi aparmaq lazımdır. Dünyada və regionda vəziyyət çox sürətlə dəyişir. Həm də, təəssüf ki, yaxşı tərəfə yox. Mövcud təhdidləri aradan qaldırmaq əvəzinə, biz yeni təhdidlərin - həm real, həm də potensial münaqişə ocaqlarının yarandığını görürük. Amma hələ ki, biz regionlarımızdakı münaqişələrlə bağlı nizamlanma istiqamətində heç bir müsbət perspektiv müşahidə etmirik. Belə bir şəraitdə sizin qarşınızda əlbəttə ki, yeni vəzifələr - beynəlxalq vəziyyətin daha da gərginləşdiyi şəraitdə ölkələrimizin təhlükəsizliyinin, milli təhlükəsizliyinin, dövlət təhlükəsizliyinin təmin edilməsi durur. Hesab edirəm ki, bu halda risklərin azaldılmasının ən vacib amillərindən biri məhz sizin fəaliyyətin əlaqələndirilməsidir. Xüsusi xidmət orqanları rəhbərləri arasında çox xoş, etibarlı, dost münasibətlər olmalıdır ki, siz bir çox məsələləri operativ şəkildə həll edəsiniz və bir-birinizə kömək göstərəsiniz".

Azərbaycan Prezidenti vurğulayıb ki, müasir dünyada heç bir ölkə öz təhlükəsizliyini təkbaşına tamamilə həll edə bilməz: "Biz hamımız bir-birimizə bağlıyıq. Bu şəraitdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərin həllinin vacibliyində operativ informasiya mübadiləsi, birgə səylərlə qarşılıqlı dəstək xüsusi əhəmiyyət kəsb edir. Bu, bütün zamanlarda vacib amil olub, bugünkü dünyada isə xüsusilə vacibdir. Bu gün beynəlxalq terrorizmlə mübarizə dünya birliyinin üzvü olan əksər ölkələri birləşdirir. Hesab edirəm ki, terrorçuluq vətəndaşların təhlükəsizliyinə ən əsas hədədir. Təəssüf ki, biz yeni terror təşkilatlarının yarandığını və meydana çıxdığını görürük. Onlar yeni mübarizə üsullarından istifadə edirlər. Əlbəttə ki, xüsusi xidmət orqanları buna qarşı təsirli cavab verməyə və bu risklərin aradan qaldırılmasına hazır olmalıdır".

İlham Əliyev bildirib ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə həmişə çox fəal iştirak edib: "Bu mövzunu biz həmişə ən yüksək forumlarda qaldırmışıq. Deməliyəm ki, bir neçə il əvvəl sizin təmsil etdiyiniz ölkələrin də dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçiləndə və biz Təhlükəsizlik Şurasının iclaslarına sədrlik edəndə məhz beynəlxalq terrorçuluqla mübarizə mövzusunu ortaya atdıq. Bu, vətəndaşlarımızın həyat və təhlükəsizlik məsələsi olduğuna görə bizim fəaliyyətimizin prioritetlərini göstərir. Biz beynəlxalq terrorizmə qarşı mübarizənin fəal üzvüyük. Biz regional təhlükəsizliyin möhkəmlənməsinə çox böyük töhfə veririk. Hesab edirəm ki, Azərbaycan bizim yerləşdiyimiz regionda sabitliyin möhkəmləndirilməsində çox mühüm rol oynayır. Sabitlik və inkişaf gündəlik həyatdan təcrid edilə bilməz. Terrorçuluqla mübarizə bütün bəşəriyyətin işi olmalıdır. Bu işdə vahid yanaşmalar, bütün ölkələrin səylərinin əlaqaləndirilməsi vacibdir. Heç bir halda terrorçuları yaxşı və pisə ayırmaq olmaz. Yəni, guya yaxşı sənin düşməninə qarşı olan, pis isə sənə qarşı olandır. Tarix dəfələrlə göstərib ki, terrorçuluq elementləri ilə istənilən "oyunlar" son nəticədə bununla məşğul olan ölkələrə təhdidlər yaradır. Ona görə, dünya birliyinin beynəlxalq terrorçuluqla mübarizədə səylərinin birləşdirilməsi regional və beynəlxalq təhlükəsizliyin əsas şərtidir".

Türkiyə Milli İstihbarat Təşkilatının müstəşarı Hakan Fidan çıxış edərək deyib: "Hörmətli, cənab Prezident. Məni və nümayəndə heyətimizi qəbul etdiyiniz üçün həmkarlarım adından Sizə çox təşəkkür etmək istəyirəm. Çıxışınız həqiqətən bizim üçün yolgöstərici və ilhamverici idi. Bakıya hər gəlişimizdə paytaxtınızın nə qədər inkişaf etdiyini görüb heyran qalırıq. Sizin rəhbərliyiniz ilə Azərbaycanın iqtisadi, siyasi və təhlükəsizlik sahələrində bölgəyə verdiyi töhfə həqiqətən çox təqdirəlayiqdir".

O, qeyd edib ki, həqiqətən Azərbaycan bölgədə həsəd aparılacaq səviyyədə nümunəvi bir siyasət yürüdür: "Yəni, torpaqlarının bir hissəsi işğal altında olduğu halda, bu qədər yüksək səviyyəli siyasət yürütmək hər ölkənin bacaracağı bir iş deyil. Şübhəsiz ki, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyirik.

Hörmətli Prezident, Sizin də ifadə etdiyiniz kimi, hər bir ölkənin çox müxtəlif təhlükəsizlik problemləri var. Amma müştərək və birgə çalışacağımız problemlərə baxdığımız zaman burada əsasən terrorizmlə mübarizə məsələsi ön plana çıxır. Sonra transmilli cinayətkarlıqla, xüsusən mütəşəkkil cinayətkarlıqla mübarizə məsələsi əsas yer tutur. Bu masa arxasında nümayəndələri əyləşən ölkələrin xüsusilə radikalizmlə bağlı əməkdaşlığının əvvəlki illərlə müqayisədə daha yaxşı səviyyəyə çatdığını Sizə bildirməkdən məmnunluq duyuram. Amma bu fəaliyyəti daha da inkişaf etdirməliyik. Bu gün Azərbaycanın ev sahibliyi ilə keçirəcəyimiz toplantıda bu sahədə daha yaxşı qərarlar qəbul edəcəyimizə əminəm.

Hörmətli cənab Prezident, alicənablıq göstərərək bizi qəbul etdiyinizə görə həmkarlarım adından bir daha təşəkkür edir, dərin ehtiramımızı bildiririk".