Fransa Yəhudiləri Qubada

Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının nümayəndə heyəti oktyabrın 25-də Qubada yerləşən bir neçə sinaqoqu ziyarət ediblər. AzNews.az-ın məlumatına görə, Qırmızı qəsəbədə yerləşən sinaqoqlara baş çəkən qonaqlar burada yaradılmış şəraitdən məmnun olduqlarını vurğulayıblar.

Nümayəndə heyətinin üzvləri Qəsəbədə məskunlaşmış yəhudi icmasının nümayəndələri ilə də görüşmüşlər. Azərbaycanda onlar üçün yaradılan şəraitdən məmnun olduqlarını bildirən sakinlər, ölkəmizdə dini və etnik tolerantlığın çox yüksək səviyyədə olduğunu diqqətə çatdırıblar. Keçirilən görüşdə qeyd edilib ki, sosial-iqtisadi inkişaf proqramları çərçivəsində həyata keçirilən layihələr qəsəbənin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin daha da yaxşılaşdırılmasına səbəb olub.

Sakinlər Fransalı qonaqlara bildiriblər ki, onları narahat edən yeganə məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsidir. Onlar nümayəndə heyətinin üzvlərindən, münaqişənin ədalətli həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün səylərini əsirgəməməyi xahişində ediblər.

AzNews.az