“Rusiya Qarabağ münaqişəsinin nizamlanması üçün əlindən gələni edir”

Rusiya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üçün əlindən gələni edir.


AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu bu gün İrəvanda səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Rusiyanın mövqeyi çoxdan bəllidir: Rusiya münaqişənin dinc yolla nizamlanması üçün əlindən gələni edir, həmçinin ATƏT-in Minsk Qrupu çərçivəsində də səy göstərir", deyə Valentina Matviyenko qeyd edib.

Rusiya Federasiya Şurasının sədri Dağlıq Qarabağ münaqişəsinin 30 ildir həll olunmadığını, onun postsovet məkanında ən uzun sürən münaqişə olduğunu qeyd edib: "Sözsüz ki, bu münaqişə tərəflərin heç birinə, istər iqtisadi, istər sosial, istərsə də humanitar nöqteyi-nəzərdən, yaxşı heç nə vermir. Ən əsası isə, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda daim gərginlik ocağı olaraq qalmaqdadır".

"Təəssüf ki, münaqişə çox uzanıb, lakin biz əminik ki, o yalnız dinc yolla, diplomatik kanallarla, güc tətbiq etmədən həll edilməlidir", Rusiya Federasiya Şurasının sədri qeyd edib. Matviyenko Rusiyanın münaqişənin dinc yolla həllinə dair bundan sonra da səylər göstərəcəyini vurğulayıb.

"Münaqişənin həlli tək Ermənistan və Azərbaycanın deyil, bütün regionun marağındadır", deyə Matviyenko qeyd edib.