“Avstraliya öz səhvini anlayacaq”

"Dağlıq Qarabağda separatçı rejimin yaratdığı qeyri-qanuni qurumun tanınması beynəlxalq hüquq normalarına ziddir". Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.

Deputat söyləyib ki, Azərbaycanın ərazi bütövlüyü BMT tərəfindən tanınıb, beynəlxalq hüququn prinsiplərinə əsaslanan böyük dövlətlərin hər hansı biri Dağlıq Qarabağdakı seprataçı qondarma qurumu tanımır və bundan sonra da tanımıyacaq: "Bu, erməni lobbisinin fəaliyyətinin bir nəticəsidir, amma tezliklə Avstraliya öz səhvini anlayacaq".

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiki vəziyətə də toxunan R.Aslanova deyib: "Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin hələ də davam etməsi imkan vermir ki, Cənubi Qafqazda sülh və əmin-amanlıq təmin olunsun.

Azərbaycanın ərazi bütövlüyü bərpa olunandan sonra Azərbaycan bu regionda sülhün və əmin-amanlığın bərpa olunması istiqamətində bütün addımları atacaq. Azərbaycan xalqı və dövləti hər zaman sülhü və əmin-amanlığı, qarşılıqlı münasibətlərdə anlaşma prinsiplərini dəstəkləyir".

Vasif Həsənli
AzNews.az