Pənah Hüseyndən Qüdrət Həsənquliyevə cavab

“Məsələ ilə bağlı çıxışım belə olub...”



Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BXCP) sədri Qüdrət Həsənquliyevin mətbuata verdiyi müsahibəsində deyib ki, Elçibəyin zəhərlənməsi məsələsini ilk dəfə gündəmə gətirən Pənah Hüseyn olub:

"Parlamentin tribunasından bununla bağlı məsələnin araşdırılmasını ilk dəfə Pənah Hüseyn təklif edib. O zaman da mən buna etirazımı bildirmişəm. İndi də həmin mövqeyimdə qalıram. Bunun o zaman yanlış olduğunu söyləmişdim, indi də bu fikirdəyəm ki, Elçibəyin ruhunu rahat buraxmaq lazımdır. O zaman Pənah Hüseyn parlamentdə çıxışında vurğunu iqtidarın üzərinə yönəltmək istəyirdi. Amma sonrakı proseslər göstərdi ki, hədəf iqtidar deyilmiş. Gələcək ittihamlara yol açmaq üçün ictimai fikir formalaşdırmaq məqsədi daşıyırmış".

Keçmiş millət vəkili Pənah Hüseyn BAXCP sədrinin dediklərinin doğru olmadığı bildirib. O, AzNews.az-a açıqlamasında deyib ki, Elçibəyin zəhərlənməsi məsələsini parlamentdə qaldırmayıb: "Bu, parlamentdə deyil, 2010-cu ilin əvvələrində ANS telekanalındakı çıxışımda olmuşdu.

Telekanalda Əbülfəz Elçibəyin 2000-ci ildə xəstələnməsi və vəfatı ilə bağlı müəyyən mülahizələrin olduğunu demişdim. Bildirmişdim ki, bunun hakimiyyət dəyişikliyinin ortada olduğu bir vaxtda baş verməsi müəyyən şübhələr yaradır. Lakin məndə bu barədə konkret faktlar yoxdu. Məsələ ilə bağlı çıxışım belə olub. "Zəhərlənmə ilə bağlı ilk dəfə Pənah Hüseyn danışıb" fikri düzgün deyil".

P.Hüseyn qeyd edib ki, zəhərlənmə məsələsində Əli Kərimlinin adının hallanması absurddur: "Bu, siyasi motivli məsələdir. Mənə elə gəlir ki, iqtidar gündəm dəyişmək üçün bu məsələdən istifadə edir".


İlkin Pirəli
AzNews.az