İbadoğlunun təşkilatından Razi Nurullayevə - Etiraz

“Qubad İbadoğlunun rəhbərlik etdiyi hərəkatın Razi Nurullayevin rəhbərlik etdiyi quruma birləşməsi qeyri-mümkündür”.

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Demokratiyaya və Rifah Hərəkatının (ADR) təşkilat komitəsinin üzvü Ellada Məmmədli deyib.

O, vurğulayıb ki, R.Nurulayev bunu düşünmədən danışıb: "Azərbaycan Demokratiya və Rifah Hərəkatı nədən ibarətdir? Bütün siyası partiyalığı olan və bitərəflərin birliyindən. Biz bu hərəkatı ona görə yaratdıq ki, siyasi partiyada olan və olmayanlar Azərbaycanın rifahı üçün mübarizdə bizlərə qoşulsun. Bizim hansısa quruma birləşməyimiz qeyri-ciddi məsələdir. Razi bəy bunu düşünmədən deyib".

E.Məmmədli qeyd edib ki, ADR-də kifayət qədər AXCP və KXCP üzvləri var: "Əgər kimlərsə bizə qoşulmaq istəyirsə problem deyil. Biz isə birləşmirik. Hərəkatın nizamnaməsi də buna yol vermir".

Qeyd edək ki, Razi Nurullayev mətbuata Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlu tərəfindən təklif irəli sürülsə, Xalq Cəbhəsi Partiyasının (AXCP) Etimad Qurultayının Təşkilat Komitəsi birləşə biləcəyini bildirib.

Bahar RÜSTƏMLİ
AzNews.az