Nazir ABŞ nümayəndə heyətini ilə görüşdü

Noyabrın 19-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan ABŞ-ın Ticarət Departamentinin Avropa, Orta Şərq və Afrika regionu üzrə köməkçisinin müavini Maykl Lallinın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.


İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və ABŞ arasında əlaqələrin genişləndiyini, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, eləcə də enerji, logistika, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın uğurla davam etdiyini bildirib. ABŞ nümayəndə heyətinin Azərbaycana geniştərkibli səfəri də ölkələrimiz arasında əlaqələrin inkişafına verilən önəmin daha bir göstəricisidir.

Qeyd olunub ki, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün lazımi hüquqi baza mövcuddur. Hazırda Azərbaycanda 235 ABŞ şirkəti fəaliyyət göstərir, bu ilin 9 ayında ölkələrimiz arasında ticarət dövriyyəsi 5% artıb. İndiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 10 mlrd. dollar investisiya qoyulub. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycanlı gənclər ABŞ universitetlərində təhsil alırlar.

Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə danışan Ş.Mustafayev bildirib ki, qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətidir və bu sahəyə investisiya qoyuluşu, eləcə də sənaye, əczaçılıq, kənd təsərrüfatı və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur.

ABŞ-ın Ticarət Departamentinin Avropa, Orta Şərq və Afrika regionu üzrə köməkçisinin müavini M.Lalli ABŞ ticarət missiyasının Azərbaycana səfərinin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məqsədini daşıdığını, səfər çərçivəsində iş adamları arasında keçirilən görüşlərin əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib. Vurğulanıb ki, iş adamları ilə keçirilmiş görüşlər zamanı sahibkarlar Azərbaycan Prezidentinin ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində qəbul etdiyi qərarları yüksək qiymətləndirirlər. M.Lalli Azərbaycanda sahibkarlığın inkişafı sahəsində atılan son addımların ABŞ-da da müsbət qarşılandığını diqqətə çatdırıb.

Görüşdə ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqan Azərbaycanda iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərin, o cümlədən sahibkarlığın inkişafı sahəsində görülən işlərin yüksək qiymətləndirildiyini, ABŞ-ın bu sahədə ölkəmizə dəstək göstərməyə hazır olduğunu qeyd edib.

Görüşdə, həmçinin Azərbaycan və ABŞ arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.