- Köhnə - Siyasət
- 30 Oktyabr 2012 08:00
- 4 409
“İlham Rəhimov o qədər də ağılsız adam deyil”
Çingiz Qənizadə: "Əgər belə cəhdlər varsa belə, bu cür hərəkətlər qəti pislənilməlidir”
"İlham Rəhimovun Rəsul Quliyevlə Putinin görüşünü təşkil etməsinə inanmıram". Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib.
Millət vəkili söyləyib ki, İ.Rəhimovun indiki hakimiyyətə müxalif olan və uzun illərdən bəri ABŞ-da oturan bir şəxsin Rusiya prezidenti Vladimir Putinlə görüşünün təşkilinə vasitəçilik etməsi yol verilməzdir.
Onun fikrincə, əgər belə bir fakt olarsa, bu qəti düzgün olmaz: "Hesab edirəm ki, İlham Rəhimov bu cür addımlar atmaz və çox güman ki, bu şayiədir. Əgər gələcəkdə belə bir addımların atılmasına cəhdlər olarsa, təbii ki, bu pislənəcək. Mən İlham Rəhimovu şəxsən tanıyıram və vaxtilə onunla Ədliyyə Nazirliyində bir yerdə çalışmışıq.
Ona görə də deyə bilərəm ki, İlham Rəhimov o qədər də ağılsız adam deyil ki, heç bir səlahiyyətləri olmaya-olmaya bu cür məsələlərdə vasitəçilik etsin və özünün bütün "kartlar"ını yandırsın. Mən bunun real olduğuna inanmıram. Əgər belə cəhdlər varsa belə, bu cür hərəkətlər qəti pislənilməlidir".
Xatırladaq ki, hazırda ABŞ-da mühacirət həyatı yaşayan Açıq Cəmiyyət Partiyasının (ACP) lideri, Milli Məclisin sabiq sədri Rəsul Quliyevin yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəməsi məsələsi bir sıra Kütləvi İnformasiya Vasitələrinin gündəmini tutub.
Vasif Həsənli
AzNews.az