Mübariz Qurbanlı: “Hansısa dövlətin Qarabağın müstəqilliyini tanıması qeyri-mümkündür”

"Azərbaycan ATƏT-in Minsk qrupunun təklifləri ilə razılaşmazsa, Ermənistan Dağlıq Qarabağın müstəqilliyinin yeni dövlətlər tərəfindən tanıdılmasına çalışacaq və buna nail olacaq". Ermənistan XİN başçısı Eduard Nalbəndyan Paris görüşündən əvvəl jurnalistlərə açıqlamasında bu fikirləri işlədib.

Ermənistanlı nazirin təhdidedici bəyanatına münasibət bildirən deputat Mübariz Qurbanlı AzNews.az-a deyib ki, bu Ermənistan rəhbərliyinin növbəti siyasi bilefidir: "Biz Ermənistan rəsmilərinin dəfələrlə belə məsuliyyətsiz bəyanatlarla çıxış etdiklərinin şahidiyik. Belə bəyanatlar şübhəsiz ki, hansısa təsir imkanlarına malik deyil".

M.Qurbanlı bildirib ki, Azərbaycan rəhbərliyi öz işini çox mükəmməl qurub: "Ermənilər Dağlıq Qarabağda formalaşdırdıqları qondarma qurumu heç vaxt, heç bir ölkəyə tanıda bilməz. Ona görə ki, Azərbaycan rəhbərliyi öz siyasətini elə qurub ki, Ermənistan hansısa dövlətə Dağlıq Qarabağın müstəqilliyini tanıtması qeyri-mümkündür".

Gültəkin Qəhrəmanlı
AzNews.az