“Azəryolservis”in rəhbərinə qarşı daha bir ağır ittiham “Azəryolservis”in rəhbərinə qarşı daha bir ağır ittiham

Cavid Qurbanovla bağlı Prezidentə müraciət olundu

“Azəryolservis”in rəhbərinə qarşı daha bir ağır ittiham


"Azəryolservis" ASC-nin sədri, millət vəkili Cavid Qurbanovla bağlı yeni ittihamlar səsləndirilir. Aznews.az "Gündəm xəbər" qəzetinə istinadən xəbər verir ki, şikayətçi Ema Mehdiyeva millət vəkili ilə bağlı yeni faktlar açıqlayıb: "Bir müddət əvvəl "Azəryolservis" ASC-nin sədri, millət vəkili C.Qurbanov barəsində dərc olunmuş materialda onun sürücüsü Mahir Quliyevin (Lənkərani) və C.Qurbanovun cangüdəni Mehdi Eldarovun Türkiyə və Dubaya kimi uzanan biznes şəbəkəsindən, onların çoxsaylı bahalı avtomobillərindən və bu avtomobillərə məxsus çox bahalı dövlət nömrə nişanlarından, mobil telefon nömrələrindən, eyş-işrət həyatından və s. bəhs olunurdu. Hətta bəzi dəhşət saçan məqamlar var idi ki, biz bunları araşdırıb qarşı tərəfi dinləmədən dərc edə bilməzdik. Özünün və rəfiqələrinin canlı müşahidələrinə istinad edən E.Mehdiyeva açıqlamasında yazırdı: "...Mən Cavid Qurbanovun ailəsini, ətrafını, yaxınlarını, xüsusən də onun sürücüsü Mahir Quliyevi (Lənkaranini) və cangüdəni Mehdi Eldarovu çox gözəl tanıyıram...Onların barəsində məndə çox önəmli məlumatlar var..." və s.

Onu da bildirək ki, bu faktları açıqlayan şikayətçi Emma Mehdiyeva yeni faktları da mətbuata ötürüb. Bu açıqlamsında Prezident İlham Əliyevə, Milli Təhlükəsizlik naziri Eldar Mahmudova, Baş Prokuror Zakir Qaralova müraciət edən şikayətçi olduqca ilginc məqamlara aydınlıq gətirir. Həmin məktubun bir hissəsini diqqətinizə çatdırırıq:

"Çox hörmətli cənab Prezident!

Mənim "Azəryolservis" ASC-nin Prezidenti Cavid Qurbanov və onun cangüdəni ilə sürücüsü barədə şikayətim ölkə KİV-ində ixtisarla dərc olundu. Lakin elə bilirdim ki, bununla da vəziyyət düzələcək. Amma əksinə oldu. Mən Cavid Qurbanovun sürücüsü Mahir Quliyev və sədrin cangüdəni Mehdi Eldarovun barəsində ciddi məlumatları yazmışdım. Həmin məlumatlarda bu iki şəxsin Dövlət büdcəsinin vəsaitləri ilə işlər görən və təmsil olunduqları dövlət qurumunun pul vəsaitləri sayəsində böyük biznes və digər qanunsuz fəaliyyəti ilə məşğul olmalarını göstərmişdim. Qeyd etmişdim ki, necə ola bilər ki, bu iki adi işçinin milyonlarla ölçülən qanunsuz biznes fəaliyyəti və digər əməlləri Cavid Qurbanovun gözündən yayınır? Güman edirdim ki, C.Qurbanov təsirli tədbirlər görəcək. Amma belə olmadı və əksinə, bu açıqlamalarımdan sonra həmin şəxslər məni təhdid edir, hədələyirlər. Bununla da mənə məlum oldu ki, C.Qurbanov nəinki sürücüsü və cangüdəni barədə tədbirlər görəcək, əksinə, onun bu işlərdə birbaşa iştirakı var.

Cənab Prezident!

Bütün bunları nəzərə alıb Sizə mətbuat vasitəsilə müraciət etməli oldum. Ölkə KİV-indən məlumdur ki, Elşad Abdullayev adlı bir şəxsin millət vəkili Gülər Əhmədovanın barəsində yaydığı videodan sonra təsirli tədbirlər görülməkdədir. Deməli, KİV-in bəzi məmurların qanunsuz hərəkətinin qarşısının alınmasında rolu böyükdür. İnanıram ki, bu dəfə də elə olacaq. Odur ki, bəzi məlumatları Sizə çatdırmağı özümə borc bildim.
C.Qurbanovun təkcə bir cangüdəni və sürücüsünün milyonlarla dövriyyə ilə ölçülən maliyyə əməllərinin şahidiyəm. Niyə də olmasın? Əgər millət vəkili, deputat C.Qurbanovun təkcə Bakıda neçə-neçə möhtəşəm kommersiya obyektləri vardırsa, o cümlədən onun Pirşağıdakı "Qızılqum" sanatoriyasının həndəvərində sahəsi hektarlarla ölçülən və Xəzərin sahilini zəbt etmiş "Həyat" restoranlar şəbəkəsi və böyük istirahət mərkəzi vardır. Mətbuatda bu barədə yazılıb. Hətta iş o yerə çatmışdır ki, KİV-in yazdığına görə, Cavid Qurbanov köçkün seçicilərinin problemləri ilə məşğul olmaq, dağılmış yolların, uçan körpülərin vəziyyəti ilə məşğul olmaq əvəzinə "Həyat" İstirahət Mərkəzinin açılışına gəlir, günlərlə buradakı dizayn işləri ilə maraqlanır, buraya əsas yoldan "Azəryolservis"in texnikalarından, asfaltından, işçi qüvvəsindən istifadə etməklə neçə kilometrlik asfalt çəkdirir. Bu azmış kimi, bu istirahət mərkəzi və şadlıq evini işlətməyi həvalə etdiyi Rəcəb adlı yaxınının oğlunun toyunu da burada etdirir, bunun üçün "Azəryolservis" ASC-nin yüzlərlə idarə və müəssisə rəislərini həmin toya məcburi gətirdir. Özü də həmin toyda iştirak edir.

Cənab Prezident!

Siz regionların, ayrı-ayrı struktur bölmələrin problemlərini həll etmək üçün birbaşa rayonlara müntəzəm səfərlər edirsiniz, tapşırıqlar verirsiniz, müşavirələr keçirirsiniz. Amma Sizin etibar və etimad göstərdiyiniz Cavid Qurbanov isə tabeliyində olan və tikintisinə Dövlət büdcəsindən milyardlar ayrılmış yol və körpülərin tikinti vəziyyəti ilə yerində maraqlanmaq əvəzinə, Milli Məclisdə təşəbbüslər və təkliflərlə çıxış etmək əvəzinə, özünün iaşə obyektlərinə baxış keçirir, günlərlə bu obyektlərin bəzək-düzəyinə nəzarət edir. Bir dəfə də olsun Milli Məclisdə ağzını açıb Azərbaycan iqtisadiyyatı naminə xeyirli təkliflər verməyən belə deputat kimə lazımdır? Məlumat üçün bildirirəm ki, Cavid Qurbanov hazırda böyük səbrsizliklə özünə məxsus "Zabrat" Ticarət Mərkəzinin və eyni adlı olacaq möhtəşəm şadlıq sarayının açılışına hazırlaşır. Açılış günü mən bütün KİV-ə məlumat verəcəyəm ki, C.Qurbanov sürücüsü və cangüdəni ilə birlikdə bütün idarə və müəssisə rəhbərlərini işdən ayırıb buraya yığacaq, həmin açılışda şəxsən iştirak edəcək...".

AzNews.az