• Toplum
  • 27 Noyabr 2018 12:08
  •  455

DİN şagirdlər üçün maarifləndirmə tədibləri keçirir

Növbəti tədbirlər Tovuz və Şəmkir məktəblərində baş tutub

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən yetkinlik yaşına çatmayanların baxımsızlığı, hüquq pozuntularının profilaktikası sahəsində maarifləndirmə tədibləri davam etdirilir.

AzNews.az DİN-ə istinadın xəbər verir ki, Tovuz və Şəmkir rayonlarında tam orta məktəblərin yuxarı sinif şagirdləri ilə görüş keçirilib. Toplantılarda Rayon Polis Şöbələrinin, İcra Hakimiyyətinin nümayəndələri, eləcə də pedaqoji heyət, narkoloq və psixoloqlar iştirak ediblər.

Hər iki tədbirdə Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Əkbər Əkbərov görüşün məqsədini açıqlayıb, “Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikasında polisin rolu” və “İnternetdən təhlükəsiz istifadə qaydaları” mövzularında çıxış edərək törədilən hüquqpozmaların fəsadları barədə danışıb.

Tovuz RPŞ-nin rəisi, polis polkovniki Şirzad Əsgərov və Şəmkir RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Yaşar Hüseynov “Dini radikalizm nədir, onun zərərli təsirləri”, yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədilə “Narkotiklər haqqında nə bilirik?”, icra hakimiyyəti başçılarının humanitar məsələlər üzrə müavinləri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul əməkdaşları, VVAQ şöbələrinin müdirləri “Erkən nikahın fəsadları və qarşısının alınmasında gənclərin fəallığının artırılması” mövzularında çıxışlar edərək narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini qeyd edib, bu işdə əmək kollektivlərinin, müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifələrin və məsuliyyətin düşdüyünü bildiriblər.

Tədbirlərin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, qeyd olunan mövzularla bağlı videoçarx nümayiş etdirilib.

AzNews.az