Əməkdaşlarımız kafe və restoranlarda siqaret qadağasına əməl olunub-olunmadığını araşdırıblar Əməkdaşlarımız kafe və restoranlarda siqaret qadağasına əməl olunub-olunmadığını araşdırıblar
  • Toplum
  • 30 Noyabr 2018 10:11
  •  3 288

“Bəzi müştərilər kafedə siqaret çəkmək üçün mübahisə edirlər” – Reportaj

Əməkdaşlarımız kafe və restoranlarda siqaret qadağasına əməl olunub-olunmadığını araşdırıblar

Siqaretin insan sağlamlığına nə qədər zərərli olduğunu deməyə ehtiyac yoxdur. Bunu hər birimiz bilirik. Bəzilərimiz siqaret çəkməsək də, siqaret çəkən şəxslərin siqaret tüstülərini udmağa məruz qalırıq.

Qapalı məkanlarda siqaret çəkmək qadağan olunsa da, əksər kafe və restoranlarda bu qaydalara məhəl qoyulmur.

AzNews.az-ın əməkdaşları bu qaydalara riayət olunub-olunmamasını öyrənmək üçün restoran və kafelərə üz tutub.

İlk getdiyimiz məkan Elmlər Akademiyası metrostansiyasının yaxınlığında yerləşən “Baku Benzin Yellow Kafe” oldu. Restorana daxil olanda siqaret iyi və siqaret çəkən müştəri nəzərimizə çarpmadı.

Kafenin administratoru Daxil Məmmədov kafedə siqaret çəkməyə icazə verilmədiyini dedi: “Qanundan xəbərimiz var. Kafemizdə siqaret çəkməyə icazə vermirik. Çünki burda daha çox tələbələr və gənc xanımlar olur. Siqaret iyi və tüstüsü onların narazılığına səbəb olur. Bəzi müştərilər siqaret çəkmək istədiyi zaman yaxınlaşıb buna icazə verilmədiyini bildiririk. Müştərilərimiz əsasən tələbələr olduğu üçün bizi başa düşürlər”.

“Padişah” restoranının administratoru Amin Əhmədəliyev bəzi müştərilərin buna görə restoranda oturmaqdan imtina etdiyini bildirdi: “Restoranda siqaret çəkməyə icazə vermirik. Çünki bizim buna uyğun zalımız yoxdur. Bütün zallarımız qapalıdır, qapalı yerdə bir müştəri siqaret çəksə, o birilər narahat olur. Buna görə də müştərilərdən siqaret çəkməməyi xahiş edirik. Bəzi müştərilər xahişimizi nəzərə alsa da, bəziləri restoranda oturmaq istəmədiyini bildirib gedir”.

“Büyük Fırat” restoranının administratoru İsa Önen də müştərilərin bəzilərinin bu qaydadan narazı olduğunu söylədi: “Restoranda siqaret çəkmək istəyən müştərilərə icazə verilmədiyini bildiririk. Bəzi müştərilər bunu başa düşsə də, bəziləri problem yaradıb, mübahisə edir. Onlara belə olduğu zaman restoranın daha təmiz olduğunu və xoşagəlməz qoxu olmadığını desək də, bizi başa düşmək istəmir”.

Tələbələrin ən çox üz tutduğu “Əjdaha dönər” restoranının administratoru Xəyal Əhmədov müştərilərlə bu mövzuda problem yaşamadığını bildirdi: “Yaxınlarda bir çox universitet yerləşdiyi üçün bizim müştərilər daha çox tələbələrdir. Onlarla da belə problemlər yaşamırıq. Hələ ki, restoranda siqaret çəkmək istədiyini deyən müştəri ilə qarşılaşmamışıq”.

Məsələ ilə bağlı şəhər sakinlərinin fikrini öyrəndik:

Ülvi Əsgərli

“Mən siqaret çəkmirəm. Amma getdiyim bəzi restoranlarda müştərilər siqaret çəkdiyi üçün iy üstümə hopur. Bu da məni narahat edir, evdə mənə problemlər yaradır. Valideynlərim siqaret çəkdiyimdən şübhələnir. Məncə, bu qaydalar və cəzalar daha da sərtləşməlidir ki, insanlar ictimai yerlərdə siqaret çəkməkdən əl çəksinlər”.

Vəfa Cəfərli

“Nəinki restoran, hətta universitetdə belə siqaret çəkmək qağadan olunsa da, tələbələr və müəllimlər yenə də siqaret çəkir. Siqaretin iyi bəzi insanlarda allergiya yaradır, elə məndə də. Bu qaydalara insanlar çox da məhəl qoymur”.

Nicat Orucov

“Özüm siqaret istifadəçisiyəm. Bəzi restoranlar siqaret çəkməyə icazə versə də, bəziləri vermir. İcazə vermədikləri zaman çıxıb, çöldə siqaret çəkib, qayıdıram. Bu, mənim üçün problem deyil, insanları narahat etməyi o qədər də sevmirəm”.

Gövhər Süleymanzadə

“Mən Bakı Dövlət Universitetinin tələbəsiyəm. Universitetdə bir çox tələbə yoldaşım və müəllimim siqaret çəkir, bu da məni narahat edir. Restoranlarda belə hallarla çox qarşılaşıram, siqaretin iyindən narahat olduğumu bildirən də isə “bəyənmirsənsə, çıx”, - deyirlər”.

Nigar CƏFƏR

Foto: Pərvanə Ağazadə

AzNews.az

image description image description image description