Son illər xüsusən, gənc xanımlar estetik əməliyyatlara üz tuturlar Son illər xüsusən, gənc xanımlar estetik əməliyyatlara üz tuturlar
  • Toplum
  • 15 Dekabr 2018 11:43
  •  2 522

“Üzünü dəyişdirib kiməsə oxşamaq istəyir...” - Plastik cərrah

Son illər xüsusən, gənc xanımlar estetik əməliyyatlara üz tuturlar

Bu əməliyyatlar arasında bir neçə ildə daha çox “dəb” halını alan isə burun əməliyyatıdır(Rinoplastika). Bəzən burnunda ən xırda bir problem olduğunu düşünən gənclər çox rahatlıqla həkimə müraciət edərək əməliyyat olunmaq istədiklərini bildirirlər. Məsələnin əsas tərəfi isə bir çoxlarının üz cizgilərinə yaraşıb-yaraşmamasından asılı olmayaraq, öz beynindəki, kimdəsə gördüyü burunu istəməsidir. Bəzən estetik cərrahlar pasiyenti inandırmağa çalışır ki, bu forma üzünə düşməyəcək, amma xəstəni fikrindən döndərə bilmirlər.

Bəs son illərdə üz tutulan burun əməliyyatlarının əsas səbəbi nədir? Tibbin inkişafı, yoxsa insanların "hamı edir mən də edim" fikirləri?

AzNews.az-ın əməkdaşı, mövzunu Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri Vaqif Qələndərovla müzakirə edib.

Onun sözlərinə görə, əməliyyatların əsas səbəbi kompleksdir:

“Kompleksin özü də narahatlıqdır. Bu əməliyyatların statistikası göstərir ki, müraciət edənlərin çoxu əvvəllər travma alıblar. Məsələn, travma alıb, sümükdə əyrilik,deformasiya var. Bu deformasiyaları aradan qaldırmaq lazımdır. Bu, həm də nəfəsalma problemi yaradır. Bunlara vaxtında müdaxilə etməyəndə oksigen çatışmazlığı yaradır, bu da ürəkdə, nəfəs almada problemlərə səbəb olur. Bu işin əsas səbəblərindən biri budur.

Bəzən olur ki, burnunda problem olmasa da əməliyyat etdirmək istəyirlər. Görüntüsü xoşuna gəlmir və ya elələri də var ki, burnunun formasını hər hansı insanın burnuna bənzətmək istəyir. Bu hal qadınlarda daha çox rast gəlinir. Bəzən əlində şəkil gətirir, deyir burnumu filankəsin burnuna oxşatmaq istəyirəm. Amma hər sifətin öz ölçüləri var. Bəzən psixoloji problemlərlə də bağlı olur. Görürsən ki, hər şey qaydasındadır, amma dəyişdirib kiməsə oxşamaq istəyir. Elə xəstələrə əməliyyat məsləhət görmürük. Amma həqiqətən donqarlıq, nəfəsalma problemi olduqda, yıxılıb əzilibsə, böyükdür və sifətinə yaraşmırsa, bu halda əməliyyat etmək olar. Ümumiyyətlə, 17-18 yaşdan sonra bu əməliyyatları həyata keçirmək olur”.

V.Qələndərov vurğulayıb ki, bu əməliyyatların gələcəkdə hər hansı fəsadları olmur:

“Ümumiyyətlə, əməliyyatdan sonra burun içində yapışqanlılıqlar ola bilir, bu da kişik problemlərdir. Sonradan bu hal müşahidə olunduqda həkim ambulator müayinə edərək onu aradan qaldıra bilir. Dünya praktikasında da bu var, amma bu, çox böyük fəsad olmaz. Əsas odur ki, bu sahəni bilən mütəxəssisə üz tutasınız”.

Həkim bildirib ki, əvvəllər uzun çəkən əməliyyatlar indi yeni üsullarla 45-50 dəqiqə davam edir:

“Azərbaycanda yalnız plastik cərrahiyyə deyil, bütün sahələrdə inkişaf var. Mütəxəssislər xaricdə yetişib gəlir,bu sahədə praktika artdıqca yeni üsullar insanlara tətbiq olunur. Düşünürəm ki, bu sahədə xaricə üz tutmağa artıq ehtiyac qalmır”

Bu məsələdə insan psixologiyasının mühüm rol oynadığını nəzərə alaraq psixoloq İbrahim İbrahimovun da fikirlərini öyrəndik.

O, estetik əməliyyat, xüsusən də burun əməliyyatının son dövrdə ''Sünnət'' kimi adət halı almağa başladığını bildirib. Onun sözlərinə görə, insanlar burun, dodaq və sinələrindəki fərqliliyi görünüşlərindəki əsas qüsur hesab edirlər və mütləq kəsdirmək lazım olduğunu düşünürlər:

“Bunun da əsas səbəbi, ümumiyyətlə, xarici görünüşləri ilə bağlı hiss etdikləri kompleksin fərqində olmamalarıdır. Bildiyimiz kimi Tanrı tərəfindən insanlar fərqli quruluşda yaradılırlar. Barmaqlarının ucundakı izlərdən, başlarındakı tüklərinə qədər insanların kodları, eləcə də üz və bədən quruluşları fərqlidir.Hətta əkizlərdə də hansısa fərqləri müşahidə etmək olur. Ancaq estetik əməliyyatın bu qədər yayılması gələcəkdə bir-birinə oxşayan insanların sayını artıracaq. Getdikcə insanları bir-birindən fərqləndirmək çətin olacaq. Bunun artım səbəblərindən biri də cərrahi əməliyyatların və reklamların çox yayılmasıdır.İnsanlar sanki bərbərə gedirlərmiş kimi bir neçə aydan bir cərraha müraciət edirlər və bir yerlərini kəsdirirlər. Kimin ünsiyyət problemi varsa, daxili aləmləri boşdursa, bəyənilmək arzusu təmin olunmursa, bunun səbəbini ilk öncə xarici görünüşlərində axtarırlar. Xarici görünüş ünsiyyətdə ancaq ilkin təəsürat rolu oynayır, sadəcə 5-6 saniyə ərzində formalaşır.İnsanlar daha çox daxili gözəlliyinə görə bir-birini cəlb edirlər”.

İ.İbrahimov əlavə edib ki, daxili gözəllik dedikdə insanlar Rentgen kağızı və ya USM müayinəsinin cavablarını başa düşməməlidirlər:

“Burada “daxili gözəllik” xarakteri nəzərdə tuturuq, insanlar bununla uzunmüddətli ünsiyyət qura bilirlər.Buna xarakter uyğunluğu və ya psixoloji simmetriya da deyilir.Yəni xarakter uyğunluğu insanları daha çox cəlb edir.Məsələn, siz hansısa dostunuzu xarici görünüşünə görə seçmisiz?

Ancaq zaman keçdikcə o daxili oxşarlıqlar sizi bir-birinizə həmsöhbət edib. Biz burada heç kim xarici görünüşünə fikir verməsin demirik, sadəcə bunu ifrat dərəcədə böyütmələrini istəmirik.Bu gün cəmiyyətdə daxilən boşluq yaşayan insanların sayı artıb, səbəb isə xarici görünüşə qaçmalarıdır”.

Psixoloq sonda hər kəsə qəlbini və dünya görüşünü zənginləşdirməyi arzu edib.

Əsmər Qabil
AzNews.az