• Toplum
  • 16 Yanvar 2019 12:01
  •  501

Direktorların işə qəbulu üzrə müsahibələr davam edir

730 namizəd iştirak edəcək

Dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.

AzNews.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, direktorların işə qəbulu üzrə müsahibələrə dekabrın 5-dən başlanılıb. Bu günədək 575 nəfər namizədlə müsahibələr aparılıb.

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir. Bu mərhələ üzrə keçid balı 3 bal müəyyən edilir.

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi yanvarın sonunadək davam edəcək. Bu mərhələdə 730 namizəd iştirak edəcək.

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edirlər.

Səidə Nurməmmədli
AzNews.az