Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirildi

“Bu, fermerlərə çıxışı, səmərəliliyi və şəffaflığı təmin edəcək”.

Bu gün Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Tədqiqatlar Mərkəzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib.

Təqdimat nazir müavini İlhamə Qədirovanın iştirakı ilə baş tutub.

O, qeyd edib, sistem bütün kənd təsərrüfatı proseslərini özündə ehtiva edir: “Bu, fermerlərə çıxışı, səmərəliliyi və şəffaflığı təmin edəcək”.

Nazir müavininin sözlərinə görə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi aqrar sektorun digər dövlət qurumları ilə əlaqəli şəkildə inkişafına kömək edəcək.

KTN-in İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov isə bildirib ki, fermerlər yeni sistemdə qeydiyyatdan keçərək şəxsi kabinetlərini yarada biləcəklər: “Fermer torpaq sahəsini, əkəcəyi məhsulu, gözlədiyi məhsuldarlıq göstəricisini qeyd edəcək. Ölkə üzrə 400 min fermer məlumatlarını daxil etdikdən sonra biz biləcəyik ki, Azərbaycanda nə əkilir".

Bundan başqa, V.Hüseynovun sözlərinə görə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi fermerlərə nə əkməkdə qərar verməyə də kömək edəcək: “Sistemin gələcək inkişaf üçün planlama işlərinin əsasını təşkil edəcək analitik hesabatların hazırlanması və modellərin qurulması, müasir dövrün əsas tələbi olan “Big Data”nın yaradılması imkanları var. Bu sistem vasitəsilə vətəndaşlar subsidiya üçün də müraciət edə bilərlər”.(report.az)

AzNews.az