“Mükəmməl milli təhsil amalımızdır!” “Mükəmməl milli təhsil amalımızdır!”
  • Toplum
  • 17 May 2019 14:07
  •  16 859

Məktəb üç ayaq üstündə dayanan bir stuldur – Kaspi liseyindən reportaj

“Mükəmməl milli təhsil amalımızdır!”

Azərbaycan Respublikasında bütün sahələrdə insan kapitalının inkişafı naminə həyata keçirilən böyük işlərin uğurlu nəticələrini görürük. Ulu öndər Heydər Əliyevin təhsilə qayğı üzərində köklənmiş strateji kursu prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə iqtisadiyyatının şaxələnməsi, hərtərəfli inkişafı təhsil infrastrukturunun əsaslı şəkildə yenilənməsinə və Azərbaycan təhsilinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaradıb. Hazırda təhsilimiz bütün pillə və səviyyələr üzrə yenilənir, 2013-cü il oktyabrın 24-də İlham Əliyev tərəfindən imzalanan sərəncamla “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulmuş hədəflər uğurla reallaşdırılır.

Image result for “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”

Hərtərəfli inkişafın lokomotivi olan təhsil insan inkişafının ən mühüm amillərindən biri kimi hər kəsi cəlb edir. Öz övladlarının təhsili, ümumi inkişafı, gələcəyi haqqında həqiqi mənada düşünən və dövlətin yaratdığı təhsil imkanlarından səmərəli şəkildə yararlanan ailələrin say tərkibi ciddi şəkildə artmaqdadır. Bu uğurlar heç də öz-özünə əldə olunmayıb, Azərbaycanda həyata keçirilən sistemli təhsil siyasəti və ardıcıl təhsil islahatları nəticəsində qazanılıb.

Bu baxımdan müstəqil ölkəmizin bütün şəhər, qəsəbə və kəndlərində xeyli sayda yeni məktəb və lisey binaları, təhsil mərkəzləri inşa olunaraq şagird və müəllim heyətinin istifadəsinə verilib.

Belə tədris ocağından biri də Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Kaspi Təhsil Mərkəzidir.

Bu gün yolumuz həmin şirkətin yerləşdiyi Sakit Qocayev-176 ünvanınadır.

Məqsədimiz Kaspi Təhsil Şirkətinin nəzdində yaradılan Kaspi Liseyi və Kaspi Uşaq Baxçasının fəaliyyəti ilə oxucularımızı tanış etməkdir.

Beynəlxalq Mətbuat Mərkəzinin binasından ora qədər olan məsafə uzaq görünsə də Bakı metrosunda insanların xidmətində olan yeni müasir qatarlar həmin yolu sanki qısaldır, “Neftçilər” metrosunadək yolu necə gəldiyimdən xəbərim olmur.

Yolboyu imkan tapıb telefonumla bu şirkət haqda məlumat əldə etmək istəyirəm. Saytlarına daxil olub ilk cümləni oxuyuram: “Mükəmməl milli təhsil amalımızdır!”.

Maraqlı və mükəmməl şüardır. O şüarın necə yarandığı haqda məlumatı reportajımızın sonunda əldə edəcəksiniz. İndisə yalnız bunu deyə bilərik ki, Kaspi Təhsil Şirkəti hal-hazırda vətəndaşlarımıza 3 istiqamətdə - Kaspi Təhsil Mərkəzləri olaraq 11 filial, 7 yerli nümayəndəlikdə, Kaspi Liseyləri olaraq 2 filialda və nəhayət Kaspi Uşaq Bağçaları olaraq 5 filialda xidmət göstərir. Xidmətləri isə 5 istiqamətə (Məktəbəqədər təhsil, Orta məktəb təhsili, Abituriyent hazırlığı, Xaricdə təhsil, Xarici dil hazırlığı) yönəlib.

Bu da “Neftçilər” metrosu. Bakıxanov qəsəbəsinə doğru gedən avtobus dayanacağına çatıram.

Image result for neftçilər metrosu

Google maps-da öncədən məlumat əldə etdiyim avtobusa minib yola düşürəm. Bir az sıxlıq olsa da ayaq üstə dayanıb yenə telefonumu qurdalayıram. Təhsil Şirkətinin nədən adının “Kaspi” olduğunu öyrənməyə çalışıram.

Burda da Google köməyimə gəlir. Alimlərin fikrincə, “Kaspi” sözünün kökündə kas tayfaları durur. Bu tayfanın adı Azərbaycan sözünün kökü ilə bağlı məsələdir. Azərbaycan sözünün kökü “az”ın səslənməsi “kas”a çevrilir. Bir çox tədqiqatçı bildirir ki, “Kaspi” etnonimindəki "pi" komponenti elam dilində cəm bildirən şəkilçi sayılır. Yəni Kaspi - kas tayfalarının məskunlaşdığı yerdir. “Pi” “bay” sözü ilə bağlıdır. Bəzi türk dillərində də “bay” “bi” formasında işlənir. “Xəzərbican” sözü buna nümunə ola bilər.

Image result for xəzər dənizi

Ruslar hazırda Xəzər dənizini Kaspi adlandırırlar. Bu adla Rusiyada və Gürcüstanda şəhərlər var.

“Kaspi” sözü, həmçinin 1881-ci ildən 1919-cu ilədək Bakıda nəşr olunan rus dilli qəzetin adıdır. Vaxtilə Azərbaycanın tanınmış yaradıcı insanlarının (H.Zərdabi, S.M.Qənizadə, M.A.Şahtaxtinski, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, N.Nərimanov, F.Köçərli, M.Mahmudbəyov, C.Məmmədquluzadə, T.Bayraməlibəyov, C.Hacıbəyli) əməyi ilə ərsəyə gələn bu qəzet 1999-cu ildə Sona Vəliyevanın təşəbbüsü ilə bərpa olunub. Elə Kaspi Təhsil Şirkəti də bu şəxsin rəhbərliyi ilə yaradılıb.

Sürücü avtobusu mənə lazım olan ünvanda saxlayır. Vaxtın belə tez keçməsinə heyfslənirəm. Hələ öyrənmədiyim çox şeylər qalıb.

Üzərində "Kaspi liseyi" yazılan 5 mərtəbəli yaraşıqlı bina kənardan göz oxşayır. Öncədən vədələşdiyimiz kimi məni qapıda qarşılayırlar və birbaşa lisey direktorunun kabinetinə gətirirlər.

Telefonumun diktofonunu qoşub onunla söhbətə başlayıram.

Məhəmməd Nağıyev liseyin fəaliyyəti, tədris metodikası, uğurları haqda danışır:

“Kaspi liseyi 2014-cü ilin sentyabr ayından fəaliyyət göstərir. Bura Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərən özəl müəssisədir. Bizdə tədris 1-11-ci siniflər üzrə aparılır. Tədris Təhsil Nazirliyinin proqramı əsasındadır. Sadəcə, bəzi fərqliliklər var. Bizim liseydə ingilis dili Kembric proqramı əsasında həyata keçirilir və kembric sertifikatları ilə mükafatlandırılır. Bundan başqa, Kaspi liseyində müxtəlif dərnəklərdə, müxtəlif idman növlərində iştirak etmək üçün şərait yaradılır və müasir bacarıqlar öyrədilir. Bizim robottexnika əsasında dərnəklərimiz, robottekst, proqramlaşdırma dərnəklərimiz var. Şagirdlər bunlar əsasında peşəkarlaşandan sonra artıq beynəlxalq layihə və informatika yarışlarına çıxırlar. Kaspi liseyi son 3 ildə 50-dən çox beynəlxalq layihələrdən medalla geri dönüb. Bu il Rumıniyada keçirilən infomatrix yarışından 15 medalımız var. Bunların üçü gümüş, on ikisi isə bürüncdür. Eyni zamanda Kaspi liseyinin Azərbaycanda keçirilən “Sabahın alimləri”, “Dünya robot olimpiadası”nın Azərbaycan finalı və digər olimpiadalarda bizim liseyin uğurları böyükdür. Liseydə fənn olimpiadalarına hazırlıq mərkəzi var ki, burada ilk növbədə Azərbaycan finalına şagirdlərimizi hazırlayırıq. Ondan sonra isə artıq dünya finalına çıxmaq üçün şagirdlərimiz hazırlanır. Bunu Təhsil Nazirliyi ilə birgə həyata keçiririk.

Kaspi liseyinin tədris hissəsi 3 hissəyə bölünür: İbtidai, orta təhsil və abituriyent hazırlığı.

Məhəmməd Nağıyev liseyin univerisitetə qəbul faizindən söz açaraq nəticənin 100 faiz olduğunu bildirir:

“Biz artıq 3-cü ildir ki, məzun veririk. Bundan öncəki illərdə liseyin universitetə qəbul faizi 100 faizdir. 2017-ci ildə 21 şagirddən 21-i də Azərbaycanın universitetlərində 2-ci kurs tələbələridir. 2018-ci il məzunlarımızdan isə 11-i dünyanın digər ölkələrində , digərləri isə Azərbaycanda təhsil alır. 11 şagirddən Almaniyada, İngiltərədə, Türkiyədə təhsil alan şagirdlərimiz də var.

Kaspi liseyinin nəzdində peşəkar musiqi və incəsənət məktəbi də fəaliyyət göstərir. Burada şagirdlər diplom və sertifikatlarla təltif olunur. Hansı ki, həmin diplom və sertifikatlar Təhsil Nazirliyinin möhürü əsasında verilir.

Həmçinin liseydə idman klubu da fəaliyyət göstərir. İdman klublarında peşəkar basketbol keçirilir, cüdo, tennis və s. idman növləri kimi naliyyətlərimiz var. Rayon və Azərbaycandaxili turnirlərdə uğurlar qazanmışıq. Amma qeyd edim ki, hələ idmanla əlaqədar beynəlxalq turnirlərə çıxmamışıq”.

Direktorla söhbətdən sonra anladım ki, Google-dan almaq istədiyim informasiya elə direktorun hafizəsində yerləşibmiş.

Bu liseyin fəaliyyəti ilə bağlı yəqin oxucumuzun yaddaşına doğru və dürüst informasiya həkk olundu.

Sonra növbə-növbə yaş qrupundan asılı olmayaraq sinif otaqlarını gəzirəm. Bir anlıq olsa da dərsin davamiyyətini pozuram, şagird və müəllimlərin diqqəti mənə yönəlir.

Mənim gözüm isə telefona köklənib və çalışıram ki, müsahibə aldığım hər kəsin sözləri ora yazılsın.

Kaspi liseyinin 10-cu sinif şagirdi, özünün də qeyd etdiyi kimi dəfələrlə olimpiada qalibi olan Elmir Ələkbərli də təhsil ocağı haqda fikirlərini bizimlə bölüşür:

“Sizə liseyimizin uğurlarından danışmaq istərdim. İlk olaraq Kaspi liseyini nə üçün seçdiyimi bildirim. Qeyd edim ki, burada təhsil almağı mən yox, valideynlərim seçmişdi. Validenlərim mənim keyfiyyətli təhsil alacağımı düşünərək Kaspi liseyini seçiblər. Mən bu seçiminə görə başlıca olaraq anama təşəkkür edirəm ki, buranı seçib və mən keyfiyyətli və əvəzsiz müəllimlərim sayəsində mükəmməl təhsil alıram.

Liseyimizin beynəlxalq olimpiadalardakı uğurlarından danışmağa gəldikdə isə mən 2018-ci ilin yayında Amerikada keçirilən Genius olimpiadasında, robottexnika kateqoriyası üzrə gümüş medal qazanmışam.

Kaspi liseyinin uğurlu olduğu olimpiadalara infomatrix Rumıniya, infomatrix Qazaxıstan, Dünya robot olimpiadası Azərbaycan və s. olimpiadaları misal çəkmək olar. Sadaladığım bu olimpiadalarda liseyin şagirdləri qızıl, gümüş, bürünc medallar qazanıb. Bu uğurlarımızda liseyin kollektivinin, robottexnika müəllimlərimizin rolu əvəzsizdir ”.

Burada təhsilini davam etdirən 9-cu sinif şagirdi Salahova Züleyxa bu liseyi seçməsində valideynlərinin rolunun olduğunu deyir:

“Biz Kaspi liseyini ailəmlə birlikdə seçmişik. Çünki bu liseyin bir çox uğurları ilə tanış idik. Məhz mükəmməl təhsil almaq üçün buranı seçmişik. Kaspi liseyində bizə verilən sistemli dərslər sayəsində daha çox uğurlar qazanırıq. Mən infomatrix olimpiadasında bu il iştirakımla bürünc medal qazanmışam. Həmçinin bu il Kaspi liseyi olaraq “Sabahın alimləri” və “Dünya robot olimpiyadası”nda da iştirak etmişik. “Dünya robot olimpiadası”nda iştirak edərək qızıl medal qazanaraq Azərbaycanı Tailandda təmsil etmişik. Biz liseyimizin uğurlarını artırmaq üçün əlimizdən gələni etməyə çalışırıq. Burada mən bir çox yeniliklərlə tanış olmuşam. Həm təhsil, həm də olimpiadalar sayəsində dünya görüşümü artırmışam. Buradakı təhsilin əsas fərqi hər bir şeyin sistemli həyata keçirilməsidir. Yəni əsas bizi imtahanlara hazırlaşdıran dərslərə üstünlük verilir, çətinliklər olarsa, bizə əlavə dərslər keçirilir. Bu da bizim həmin fəndəki axsaqlığımızı aradan qaldırmağımıza yardım edir. Həmçinin burada müəllimlərimiz bizim sosiallaşmağımız üçün əllərindən gələni edirlər”.

Kaspi liseyinin ibtidai siniflər üzrə 2-ci sinif müəllimi Rəqsanə Sülymanova buradakı tədris metodikasının digər təhsil ocaqlarından fərqlərindən danışır:

“Təhsil proqramı olaraq Təhsil Nazirliyinin hazırladığı proqramla dərslərimizi keçirik. Sadəcə, bizim digər məktəblərdən fərqimiz nədir desək, bizdə dərs saatı 4-ə kimidir. Əsas dərslərimiz 7-ci saatdan sonra bitir. Biz şagirdlərlə dərsləri həm müasir tələblərə uyğun şəkildə keçirik. Fərdi yanaşmamız, bəlkə də digər məktəblərdən daha fərqlidir. Belə ki, həm sinifdə şagirdlərin sayının az olması da buna imkan yaradır, biz kifayət qədər çox şaagirdlərlə məşğul ola bilirik. Keçdiyimiz dərsləri müasir üsullarla keçirik. Dərslərə müxtəlif oyunlarla, müxtəlif yarışlarla maraq qatırıq. Bununla da şagirdləri bir az daha çox dərsə cəlb etmiş oluruq. Öyrəndikləri mövzuları möhkəmlətmək, mənimsətmək üçün müxtəlif üsullardan istifadə edirik. Bəzən elə olur ki, həftədə bir dəfə formativ şəkildə qiymətləndiririk. Həm test, həm şifahi qiymətləndirmə edirik. Dərsdə zəif nəticə göstərən şagirdlərə əlavə vaxtlar təşkil edib, onlarla məşğul oluruq. Müxtəlif ekskursiyalara aparırıq, hansı ki, həmin ekskursiyalar həm keçilən dərslə bağlı, həm də dünyagörüşlərini artıqmaq məqsədi daşıyır. Maksimum dərəcədə onlarla səmimiyyət yaratmaq istəyirik ki, onlar bizlə doğmalıqlarını hiss edib, dərslərində daha çox uğurlu olsunlar, fikirlərini bizimlə bölüşsünlər. Müəllimi onlar özlərinə dost kimi görsünlər”.

Liseyin direktor müavini Zamin Hüseynov yuxarı siniflərdə tədrisin quruluşu ilə əlaqədar məlumat verir:

“Tədris 9-10-11-ci siniflərdə birbaşa universitetlərə hazırlıqla başlayır. 9-cu sinifdən artıq şagirdlər qruplara bölünür. Biz bunu əvvəlki illərdə 10-cu sinifdən edirdik. Uşaqlar qrup seçmə mövzusunda qərarsız qaldıqları üçün bunu 9-cu sinifdən reallaşdırmağa başladıq. Hətta onlara peşəseçmə ilə bağlı testlər də hazırlayırıq. Belə olduqda onlar gələcəkdə özlərini hansı sahədə görürlərsə, o sahəni seçməyi qərarlaşdırırlar.

Bəzən valideynlər övladlarının peşə seçiminə birbaşa təsir etməyə çalışırlar. Amma bu düzgün yanaşma deyil.

Məktəb üç ayaq üstündə dayanan bir stuldur. Həmin ayaqların biri valideyn, biri müəllim, bir də şagirdin özüdür. Həmin o ayaqların biri olmazsa, o stul aşar. Buna görə də biz lisey olaraq çalışırıq ki, hər zaman valideynlərlə, şagirdlərlə sıx əlaqədə, münasibətdə olaq.

Eyni zamanda kollektiv, müəllim seçimimizdə də çalışırıq düzgün qərar verək. Çünki yeniyetmələr bu yaşlarda başqa maraqlara daha çox yönəlirlər. Bu mövzularla bağlı da biz müəllimlərimizlə işləyirik”...

Bu da son. Daha doğrusu müsahibələrə son. Sağollaşıb məkanı tərk edirəm.

İndi yenidən gəldiyim yolu qayıtmaq lazımdır. Ayaqüstə getdiyimiz avtobus, Bakı metrosu, “Elmlər Akademiyası” metrosundan redaksiyamıza doğru qalxan 5 dəqiqəlik piyada yolu...

Bir hovur dincəlib yenidən “Kaspi” Təhsil Şirkətinin saytına baxıram. Nəyi öyrənə bilmədiyimi öyrənməyə çalışıram.

Yüksək bilik və bacarığa malik kadr potensialı olan ölkələrdə yoxsulluq səviyyəsi aşağı olur, keyfiyyətli kadr potensialına malik olmadan iqtisadi inkişafa nail olmaq isə qeyri-mümkündür. Bizdə kadr potensialı da, iqtisadi inkişaf da var. Deməli, ölkəmizlə öyünməyə dəyər...

Son sözü isə Kaspi Təhsil Şirkətinin özü deyir:

“Biz inanırıq ki, sağlam, təhlükəsiz və firavan cəmiyyət yüksək təhsil sistemi ilə mümkündür. Vətəndaşlarımızın hər zaman biliklərini təkmilləşdirmək, təhsillərini davam etdirmək imkanı olmalıdır ki, cəmiyyətimiz inkişaf etsin, çiçəklənsin. Kaspinin hədəfi Azərbaycan vətəndaşlarına yaşından asılı olmayaraq təhsil almağa, biliklərini genişləndirməyə, peşəkarlıq qabiliyyətlərini artırmağa imkan verən bir təhsil şirkəti kimi fəaliyyət göstərməkdir”.

Son sözə əlavə: “Mükəmməl milli təhsil amalımızdır!” şüarı milli təhsilimizin mükəmməlliyindən xəbər verir. Amalımız da o mükəmməlliyi qoruyub saxlamaqdır.

Müasir düşüncəli, savadlı, vətənini sevən gənclərimizin köməyi ilə...

Səidə Vahid

AzNews.az