Yeməklərdə daha çox tərəvəzlərə üstünlük vermək lazımdır Yeməklərdə daha çox tərəvəzlərə üstünlük vermək lazımdır
  • Toplum
  • 5 İyul 2019 11:19
  •  3 058

Dəniz kənarında yediklərinizə diqqət edin - Həkim rəyi

Yeməklərdə daha çox tərəvəzlərə üstünlük vermək lazımdır

Yayın istisindən yaxa qurtarmaq üçün insanların istirahət üçün ilk ağlına gələn məkan dəniz olur. Dənizə çimməyə gedənlərlə bərabər, sahildə yemək yeyənlərin sayı da az deyil.

Bəs görəsən dəniz kənarında yediyimiz yeməklər orqanizmimizə necə təsir göstərir? Yayda dəniz kənarında istirahət edərkən necə qidalanmaq məsləhətdir? Çimərlikdə günəşin təsirindən necə qorunmaq olar?

Sualların cavabını həkim Xuraman Rəcəbovadan almağa çalışdıq.

O, AzNews.az-a açıqlamasında yayda məzuniyyətini dəniz kənarında keçirərək yaxşı dincəlmək istəyənlərə hər şeydən öncə qidalanmaları zamanı diqqətli olmalarını məsləhət gördü:

"Çünki yay aylarında yeməkdən zəhərlənmə hallarının olması riski daha yüksəkdir. Əslində ən yaxşı metod yeyiləcək yeməkləri təzə ərzaqlardan insanın özünün hazırlaması daha düzgündür. Əgər istirahət etdiyiniz məkanda bu, mümkün deyilsə, o zaman yediyiniz qidalara qarşı diqqətli olmalısınız. Yeməklərdə daha çox tərəvəzlərə üstünlük vermək, ət məhsullarına və yağlı, piyli qidalara məhdudiyyət qoymaq lazımdır.Yayda tərləmə artdığına görə orqanizmdə suya tələbat artır, buna görə də maye qəbulunu çoxaltmaq (müxtəlif təbii meyvə şirələri, kompotlar və adi su içmək) lazımdır. Tərkibində su çox olan və sərinləşdirici meyvələrdən (qarpız, yemiş, qovun, şaftalı və.s) istifadə etmək məsləhətdir. İsti havalarda dəniz sahilində satılan hazır yeməklərdən alıb yemək məsləhət deyil. Ən yaxşısı evdən hazır buterbrodlar və meyvə götürməkdir”.

O, qeyd etdi ki, əgər siz başqa ölkəyə istirahətə getmisinizsə, həmin ölkədə istifadə olunan yeməklərdən bir dəfəyə çox miqdarda yemək olmaz, çünki hər millətin özünəməxsus mətbəxi və gündəlik həyatında istifadə etdiyi qidalar var:

“Buna orqanizm öyrəşir, sonra başqa ölkəyə səyahət zamanı yad bir mətbəxlə tanış olmaq, orda hazırlanan yeməkləri yemək orqanizm üçün stressdir. Ona görə də səyahətə getdiyiniz ölkədə, xüsusilə yay aylarında istirahətdə olduğunuz ölkənin mətbəxindəki yeməklərdən hər gün az miqdarda orqanizminizi buna öyrəşdirərək yeməniz daha məsləhətdir. Xüsusilə ekzotik yeməklərdən istifadə zamanı çox diqqətli olmalı, yavaş-yavaş qida rasionunuza daxil etməlisiniz. Bundan əlavə, uşaqların yediklərinə də diqqətli olmaq lazımdır, xüsusilə də dəniz məhsulları uşaqlarda allergiya yarada bilər və bu səbəbdən normadan çox yeyilməsi məsləhət deyil. Ona görə də getdiyiniz yerdən asılı olaraq ehtiyat üçün yanınızda mütləq kiçik təcili yardım çantası (çantada aktivləşdirilmiş kömür və ya adsorbentlər, antihistamin dərmanlar (allergiyaya qarşı), yara yumaq üçün antiseptik, pambıq, bint və.s) olmalıdır. İsti havalarda ən çox da ictimai yerlərdə hazırlanan yeməklər tez xarab olur və zəhərlənmə riski yüksəkdir. Ona görə sifariş etdiyiniz yeməyin tərkibindəki inqridientlərə və yeməyin qoxusuna, dadına fikir vermək lazımdır. Çünki bunlar ən əsas göstəricilərdir. İsti havalarda yağlı və qızardılmış yeməklərdən az yemək, spirtli içkilərdən mümkün qədər uzaq durmaq məsləhətdir. Eyni zamanda dəniz kənarında dərinizi günəşdən qorumağınız da lazımdır”.

Xuraman xanım onu da vurğuladı ki, insanlar yayda, xüsusən də dəniz kənarında qara eynəklərdən istəfadə edir, amma bu yanlışdır:

"Çimərlikdə qara eynək taxmaq olmaz, çünki normada günəş şüaları vasitəsilə gözlərimizdən beynimizə, daha dəqiq desək, hipofiz vəzimizə siqnallar gedir və bunun nəticəsində dərimizi qorumaq üçün melanin piqmenti ifraz olunur və piqmenti dərimizi kanserogen təsirli ultrabənövşəyi şüalardan qoruyur. Dəri xərçəngi xəstəliyinin yaranması riskini azaldır. Əgər biz çimərlikdə qara eynəklərdən istifadə edərsək, özümüzü aldatmış oluruq. Qara eynək taxdığımız zaman hipofiz vəzi elə bilir ki, qaranlıqdır ona görə də melanin piqmenti əmələ gəlmir, orqanizm təbii yolla özünü, yəni, dərini ultrabənövşəyi şüalardan qoruya bilmir. Nəticədə dəri qaralmır, sadəcə yanır. Dərinin bu cür yanması isə bədxassəli dəri xərçəngi xəstəliyinin yaranması üçün yüksək risk faktorudur. Bunun üçün dənizdə çimərlikdə olarkən müəyyən istisna halları çıxmaq şərti ilə, digər hallarda eynəklərdən istifadəni məhdudlaşdırmaq məsləhətdir. Bundan əlavə şəxsi gigiyena qaydalarına da əməl etmək mütləqdir”.

Səidə Vahid

AzNews.az

image description