Ankara Universitetində Əhməd bəy Ağaoğlunun xatirəsi yad edildi – FOTO

Anar Bağırov Əhməd bəy Ağaoğlunun fəaliyyəti barədə ətraflı məlumat verib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd edilməsi haqqında” 10.04.2019-cu il tarixli Sərəncamının icrası ilə əlaqədar noybarın 19-da Türkiyənin Ankara Universitetində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycanın Türkiyədəki Səfirliyi, Ankara Universiteti, Türkiyədəki Azərbaycanlı İş Adamlarının Birliyi, Anadolu Xəbər Agentliyinin birgə təşkilatçılığı ilə tanınmış mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində “Ortaq dəyərimiz – Əhməd bəy Ağaoğlu” mövzusunda konfrans keçirilib.

Türkiyənin yüksək məhkəmə hakimləri, Türkiyə Vəkillər Kollegiyaları İttifaqının rəhbərliyinin nümayəndələrinin, hüquq alimlərinin, ictimai xadimlərinin, habelə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə keçirilən konfransda Vəkillər Kollegiyasının sədri Anar Bağırov Əhməd bəy Ağaoğlunun ictimai-siyasi və akademik fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, Ağaoğlu və Əhməd bəyin qızı Türkiyənin ilk qadın vəkili olan Sürəya xanım Ağaoğlunun Azərbaycan-Türkiyə hüquq cameəsinin birgə, birləşdirici dəyəri olmasını xüsusi vurğulayıb, Türkiyə hüquq elminin inkişafında Əhməd bəyin müstəsna rolu barədə öz fikirlərini bölüşüb. Sonra Anar Bağırov Türkyə KİV-inə müsahibə verib.

Tədbirdə Türkiyə Ali Məhkəməsinin sədri İsmail Rüştü Cirit, Türkiyə Vəkillər Kollegiyaları İttifaqının rəhbəri Metin Feyzioğlu, ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Ankara Universitetinin hüquq fakültəsinin dekanı Muharrem Özen, Ankara Universitetinin hüquq fakültəsinin müəllimi Cavid Abdullazadənin yubilyar barəsində çıxışları maraqla dinlənilib.

Tədbirdən sonra Hüquq fakültəsində Əhməd bəy Ağaoğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədilə onun adı verilmiş mühazirə otağının təntənəli açılışı keçirilib və Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən Əhməd bəy Ağaoğlunun doğulduğu Şuşa şəhərində yerləşən “Gövhər Ağa məscidi” rəsm əsəri mühazirə otağında asılması üçün fakültə rəhbərliyinə hədiyyə verilib.

Qeyd olunmalıdır ki, səfər çərçivəsində Anar Bağırovun rəhbərliyi ilə Vəkillər Kollegiyasının üzvlərindən ibarət nümayəndə heyəti Türkiyə Vəkillər Kollegiyaları İttifaqını ziyarət edib, hər iki təşkilatın rəhbərlərinin iştirakı ilə görüş keçirilib, növbəti dövrdə birgə tədbirlərin keçirilməsi barədə razılığa gəlinib. Türkiyə Vəkillər Kollegiyaları İttifaqının dəvəti ilə baş tutan səmimi görüşdə qonaqların şərəfinə təntənəli ziyafət verilib.

Bundan başqa, səfər ərzində Vəkillər Kollegiyasının rəhbərliyi əslən azərbaycanlı, Türkiyənin tanınmış vəkili Arzuman Azaflının rəhbərlik etdiyi vəkil bürosunda olmuş, oranın iş şəraiti ilə maraqlanılıb, Türkiyədə fəaliyyət göstərən Azərbaycan əsilli vəkillər, onların ölkəmizin Türkiyədə lazımi səviyyədə tanıdılmasındakı rolunun əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description