Bakı polisi Xocalı qurbanlarını yad etdi

Mərasim şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb

Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.

BŞBPİ-nin Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, fevralın 25-də keçirilən mərasim soyqırımı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Anım mərasimində çıxış edən BŞBPİ-nin rəis müavini, polis polkovniki Nurullah Məmmədxanlı Xocalı faciəsinin qanlı cinayət hadisələrindən biri kimi tarixə düşdüyünü bildirib. Rəis müavini qeyd edib ki, 28 il əvvəl erməni silahlı dəstələri dinc əhaliyə divan tutub. Bu qırğın nəticəsində 613 nəfər həlak olub. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca idi, 8 ailə tamamilə məhv edilib.

Daha sonra Baş İdarə rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev faciə ilə bağlı ətraflı çıxış edib.

Mərasim iştirakçılarının nəzərinə çatdırılıb ki, Azərbaycan dövləti və hökuməti, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları, diaspor qurumları Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atır.

Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri yada salınıb, məhz ulu öndərin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunan xüsusi iclasının keçirildiyi, hər il fevralın 26-nın Xocalı soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul olunduğu diqqətə çatdırılıb.

Xüsusilə vurğulanıb ki, bu gün əmin-amanlıq və yüksək sabitlik şəraitində inkişaf edən Azərbaycanın bir daha faciələrlə üzləşməməsi üçün xalqımız ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşib, onun siyasətini dəstəkləyir.

Mərasimə yekun vuran rəis müavini N.Məmmədxanlı ərazi bütövlüyümüzün tezliklə bərpa olunacağına əminliyini bildirib, bunun üçün sabitliyin, ictimai təhlükəsizliyin etibarlı qorunmasının əhəmiyyətli olduğunu vurğulayıb.

image description image description