Deputatların koronavirus testinin cavabları məlum oldu

Tibbi müayinə nəticəsində deputatların heç birində koronavirus aşkarlanmayıb

Milli Məclisin deputatlarının koronavirusa görə tibbi müayinədən keçməsinin nəticələri açıqanıb.

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu AzNews.az-a bildirib ki, tibbi müayinə nəticəsində deputatların heç birində koronavirus aşkarlanmayıb.

Deputatlar Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasından öncə koronavirusa görə müayinədən keçib.

Qeyd edək ki, Milli Məclis Sədrinin təşəbbüsü ilə ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlərin tərkib hissəsi kimi Parlamentdə bu sahədə məqsədyönlü işlər aparılır.

30 mart 2020-ci ildə keçiriləcək növbəti plenar iclası zamanı deputatların iclas zalında lazımi məsafəyə riayət etməklə bir-birindən ən azı iki metr aralıda əyləşməsi məsələsi öz həllini tapıb.

Bununla yanaşı, Milli Məclis deputatlarının, Aparat və İşlər İdarəsinin məsul əməkdaşlarının müvafiq qaydada koronavirus ilə bağlı tibbi yoxlamadan keçirilməsi təmin edilib, parlamentin avtomobil vasitələrinin mütəmadi dezinfeksiyası təşkil olunub.