Sənəd Qəbulu Komissiyaları bu tarixlərdə də işləyəcək

67 minə yaxın abituriyent elektron ərizəsini təsdiqləyib

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir.

AzNews.az AzTV-yə istinadən xəbər verir ki, 67 minə yaxın abituriyent elektron ərizəsini təsdiqləyib. Onlardan 24 mindən çoxu I ixtisas qrupunu seçib.

Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri və rayonlarda yerləşən inzibati binalarında yerləşən Sənəd Qəbulu Komissiyaları qeyri iş günləri olan 23, 29 və 30 may tarixlərində də fəaliyyət göstərəcək.

Vətəndaşların qəbulu Mərkəzin internet saytı vasitəsilə əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir.

Müsabiqədə iştirak etmək üçün ərizələrin qəbulu 2020-ci il iyunun 5-dək davam edəcək və bu müddətin uzadılması nəzərdə tutulmur.