- Müşahidə məntəqəsi
- 21:25
- 2 115
“Üç fənn şagirdin ümumi səviyyəsini ölçə bilməz” – Ramin Nurəliyev
"Buraxılış və blok imtahanlarında bəzi hallarda qarışıqlıq ola bilir. Məsələn, baxırsan ki, uşaq 400–450 bal qəbul imtahanında toplayıb, amma buraxılış imtahanındakı nəticələri ürəkaçan deyil və yaxud da məktəbdəki qiymətləri ürəkaçan deyil. Və yaxud qiymətləri yaxşıdır, amma topladığı bal aşağıdır. Burada müəyyən qədər bir təzad formalaşır. Amma unutmamaq lazımdır ki, orta ümumtəhsil məktəbində alınan qiymətlərlə qəbul imtahanındakı ümumi bal fərqli ola bilər. Çünki orta ümumtəhsil məktəbində şagird bu gün verilən dərsi sabah gedib təkrarlayıb, gəlib cavab verə bilər və aldığı qiymətlər də üst-üstə gəlib yekunda ümumi qiyməti ortaya çıxarda bilər. Misal üçün, uşaq hər dəfə beş ala bilər və yaxud da əzbərçi uşaqdır, əzbərləyir hər hansı bir mövzunu, gələr, səhəri danışar və beş qiymətini ala bilər. Amma qəbul imtahanı belə deyil, çünki qəbul imtahanı beşinci sinifdən 11-ci sinfə qədər ümumi proqramı əhatə edir. Yəni uşağın müəyyən bir vaxt oxuduğu bir ay, iki ay sonra yadından çıxa bilər. Ona görə də nəticəsi aşağı ola bilər. Yaxud ki, orta məktəb dərslərinə diqqət ayırmayıb, qəbul imtahanlarına daha çox hazırlaşıb, qəbul imtahanlarında daha yaxşı nəticə əldə edə bilər, orta məktəbdə isə aşağı qiymətlər ala bilər. Yəni bu fərqlilik ola bilər, düşünürəm. Amma ümumi olaraq, buraxılış imtahanları şagirdin orta məktəbdəki ümumi fəaliyyətini əslində ölçmür. Çünki orta məktəbdə şagirdin hardasa 15-20 dərs saatı ərzində öyrəndiyi dərslər var, amma buraxılış imtahanı üç fəndəndir. Yəni üç fənn ümumi şagirdin göstəricisinin nəticəsi ola bilməz. Bəzi hallarda valideynlər, müəllimlər və Dövlət İmtahan Mərkəzindən belə səslənir ki, buraxılış imtahanında zəif nəticə göstərən uşağın məktəbdəki qiymətləri niyə yaxşıdır. Ola bilər, normal bir şeydir".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Qeyd edək ki, Azərbaycanda şagirdlərin təhsil sistemi boyunca qarşılaşdığı imtahanlar həm valideynlərin, həm də müəllimlərin diqqət mərkəzindədir. Xüsusilə buraxılış imtahanları ilə ali məktəbə qəbul imtahanları arasındakı fərqlər uzun müddətdir narahatlıq doğurur. Buraxılış imtahanları şagirdin məktəb proqramını mənimsəyib-mənimsəmədiyini ölçür, qəbul imtahanları isə daha çox rəqabət və yüksək bal üzərində qurulur. Bu fərq bəzən yüksək nəticə göstərən şagirdlərin qəbul imtahanında eyni uğuru qazana bilməməsinə səbəb olur və ailələr, müəllimlər arasında anlaşılmazlıq yaradır.
Ekspert qeyd edib ki uşaq orta məktəbdə dərslərə diqqət yetirir tapşırığı və dərsi hazırlayır gəlib təqdim edir və yüksək qiymət alır bu qiymətlər isə ümumi olaraq şagirdin attestatına daxil edilir
"Məsələn, 10 fəndən rahat şəkildə ümumi qiymətlər yaxşı ola bilər. Yəni bu ölçmə meyarı deyil, əslində mənim fikrimcə. Üç fənnə görə ümumi şagirdin orta məktəbdəki fəaliyyəti qiymətləndirmək doğru deyil. Əsas fənlər Azərbaycan dili, xarici dil və riyaziyyat dərs saatına görə kifayət qədərdir və şagirdlərin həm orta məktəbdə həm də qəbul imtahanında ümumi nəticəsini bu fənnlər müəyyən edir. Amma bildiyiniz kimi, orta məktəbdə buraxılış imtahanının nəticələri ümumi attestata o qədər də çox təsir etmir. Çox cüzi bir fərqi var. Məsələn, uşaq orta məktəbdə beş alırsa, buraxılış imtahanından dörd alsa belə, yenə də uşaq beş ala bilər. Yəni uşağın illik qiyməti beş çıxa bilər, buraxılış imtahanlarını üç alıbsa belə, bu yol verilməzdir. Amma ümumi olaraq belə bir vəziyyət formalaşıb ki, bizim cəmiyyətdə istər valideyn istər abituriyent istər müəllim olsun elə bir aura elə bir atmosfer yaranıb ki, buna Dövlət İmtahan Mərkəzi də daxildir. Elə bir atmosfer formalaşıb ki, sanki uşaq mütləq universitetə qəbul olmalıdır. Yəni universitetə, yəni uşaq orta məktəbdə ancaq universitetə adaptasiya olunur. Yuxarı sinfə gəldiyi zaman valideyn təşvişə düşür, hay-həşirə düşür. Abituriyent iki eyni şəkildə yüklənir: bir neçə fənn məktəbdən, müəllim yanına hazırlıq, repetitor və sair. Bununla yanaşı müəllimlər müəyyən proqramlar qururlar və uşaqların hazırlığı, istiqamətinin alınması üçün planlar tətbiq edirlər. Dövlət İmtahan Mərkəzi, müəllim və şagird birlikdə imtahan çarxının içində dönür. Bu imtahan yönümlülük atmosferi formalaşdırır və mən bunun tərəfdarı deyiləm. Abituriyent imtahana hazırlaşmalıdır, imtahana çalışmalıdır. Qəbul imtahanları elə qurulub ki, çətin suallar və sistematik yanaşma tələb edir. Buna görə də repetitor yanına və ya fərdi hazırlığa getməsən, yüksək nəticə əldə etmək mümkün deyil. Orta məktəbdə uşaq summativ imtahanlardan keçir, abituriyent yuxarı sinifdə buraxılış imtahanı, dövlət dili və xarici dildə imtahanlara girir. Sonra qabiliyyət imtahanları, blok imtahanları gəlir. Uşaq imtahana adaptasiya olur. Əgər potensialı ona çatmırsa, uşaq məcburdur ki, gedib ali təhsil alsın. Peşə təhsili də ala bilər, peşəyə yiyələnə bilər. Ali təhsil aldığı halda gələcək karyerasını qurmasa, məsələn, ofisiant, moykada və ya bazarda çalışacaqsa, dörd il universitetə getməyin maddi və zaman baxımından mənası yoxdur. Valideynlər və abituriyentlər tez-tez düşünmürlər ki, uşaq ali təhsil almadan da uğurlu ola bilər. Uşağın potensialı ali təhsilə uyğundursa, o ali təhsil almalıdır. Əlverişli deyilsə, uşağın marağı və qabiliyyətinə uyğun sahələrdə yönləndirilməsi daha yaxşıdır: maşın ustası, bənna, rəssam və digər peşələr. Təəssüf ki, valideynlər çox vaxt uşaqlarını yalnız ali təhsilə yönəldir, uşağın marağını nəzərə almırlar. Bəzən uşaq başqa sahəni istəyir, amma valideyn ona istədiyi ixtisası seçdirir. Bu səbəbdən abituriyentlərin yönləndirilməsində onların qabiliyyətinə və maraqlarına diqqət yetirmək lazımdır. Hər kəs ali təhsil almalı deyil. Peşə təhsili də lazımdır və istiqamətlənməlidir. Bizdə peşə təhsili inkişaf mərhələsindədir, yeni müəssisələr və ixtisaslar açılır. Dövlət sifarişli yerlərin sayı artırılır və peşə sahəsinə diqqət yetirilir. Gələcəkdə valideynlərin də bu istiqamətdə maarifləndirilməsi vacibdir".
Rəfiqə Namazəliyeva,
AzNews.az