- Redaktor masası
- 21:25
- 2 669
Rəşidəddinin "Oğuznamə"si, Fazil Mustafanın "Gopnamə"si
Az öncə Milli Məclisin deputatı və komitə sədri Fazil Mustafanın "Ortalığı batıran "alimlər" başlığı ilə sabiq Təhsil naziri Firudin Cəlilova cavab olaraq yazdığı məqaləni oxudum.
Yazıdakı məlumatlar xaricində çox hörmətli Firudin müəllimin nə yazdığını, hansı tezislər ortaya qoyduğunu və ya qoymadığını bilmədiyimdən bu barədə heç bir fikir bildirməyəcəm. Ancaq onu bildirmək istəyirəm ki, Fazil Mustafanın seçdiyi başlıqla elmi müzakirə aparmaq olmaz. Onun üslubu nəinki elmi, hətta nəzakətsizdir. Fazil Mustafanın bu cür nəzakətsiz üsluba əl atması isə heç də səbəbsiz deyil. Adətən danışdığı mövzunu alaçiy bilənlər bu cür üsullara əl atırlar.
Gəlin, deputatın məqaləsinə birlikdə baxaq. Rəşidəddin Həmadaninin "Oğuznaməsi"ni tədqiqatçı gözü ilə oxuduğunu vurğulayan F. Mustafa yazır:
"... türklərdə “Azər” sözünün “azman, nüfuzlu, hörmətli, intellektual adam” mənası daşıması, Bayqan / Azərbayqan = həmin adamların ölkəsi kimi tezislərin heç biri Firudin Cəlilovun qeyd etdiyi formada Rəşid əd-Dinin mətnində yoxdur."
Ardınca Fazil Mustafa sual edir və sualına belə cavab verir:
"Bəs Rəşid əd-Dində nə var? Rəşid əd-din Həmədaninin həm tarixi hadisələr, həm də coğrafi-etnoqrafik bilgilər baxımından böyük xəzinə hesab olunan bu əsərində doğrudan da İlhanlı dövlətinin mərkəzi olan bölgəni təsvir edərkən Azərbaycan adı sıx istifadə olunur, "Azər" sözünün kökündən törəyən yer adlarına rast gəlinir. Burada bölgənin qədim inancı (Zərdüştülük) və yanan qaz sızıntılarına görə “atəş ölkəsi” kimi tanıtıma işarə edilir".
İNDİ MƏN SİZƏ FƏZLULLAH RƏŞİDƏDDİN HƏMADANİNİN AZƏRBAYCAN MİLLİ KİTABXANASINDA SAXLANILAN, İSMİXAN OSMANLININ TÜRKİYƏ TÜRKCƏSİNDƏN TƏRCÜMƏ ETDİYİ, BULUDXAN XƏLİLOVUN REDAKTORULUĞU İLƏ 2003-CÜ İLDƏ BAKIDA ÇAPDAN ÇIXMIŞ "OĞUZNAMƏ" ƏSƏRİNİN 31-Cİ SƏHİFƏSİNİ TƏQDİM EDİRƏM:
"OĞUZUN ARRAN VƏ MUĞAN TƏRƏFƏ HƏRƏKƏTİ
Oğuz Şirvan tərəflərindən qalxıb Arran və Muğana gəldiyi zaman yay mövsümü idi. Hava son dərəcə isti və bu istidən orada qalmaq mümkün olmadığından, məsləhətləşərək yaylaq olan dağlara getdilər. Qış gələndə, təkrar enərək bu vilayətləri alar və yağma edərik dedilər.
Yay aylarında bu vilayətlərin bütün yaylaqlarını və Səbəlan dağlarını, Alataq və Ağbördü dağlarına qədər dağlıq yerlərini tamamilə işğal etdilər. (Rəvayətlərə görə Alataq adını onlar qoymuşdular və Səbalan adını da onlar vermişdilər. Türkcə “ortaya çıxıb dik duran” mənasına səbalan deyirlər.)
Yaylaqda qaldıqları zaman bu tərəflərdə olan bütün ölkələri ələ keçirib zəbt etdilər. Azərbaycan vilayətini də aldılar. Özünün xas atlarını, otlaqları çox geniş və gözəl olan Ucan səhrasının otlaqlarında bəslədilər.
Orada olduqları vaxt bir gün hər kəsin toplanıb, bir ətək torpaq gətirib burada bir təpə düzəltmələrini əmr etdi. Öncə özü bir ətək torpaq gətirib tökdü. Sonra özü torpaq tökdüyünə görə bütün əsgərlər də bir ətək torpaq gətirib tökdülər. Böyük bir təpə oldu. Bu təpənin adına Azərbaycan dedilər.
“Azər” türkcə “yüksək” deməkdir, “baycan” da “zənginlik, ululuq” yeri anlamındadır. Bu ölkə bu şəkildə məşhur oldu. Bu gün də Azərbaycan demələrinin səbəbi budur".
***
Beləliklə Rəşiddədin:
1) "Azərbaycan" kəliməsini birbaşa Oğuz xaqanla əlaqələndirir;
2) "Azər" sözünün türkcə "yüksək", "hündür", "uca" mənasında olduğunu açıq qeyd edir.
3) "Baycan" sözünün isə "zənginlik", "əsilzadəlik", "azmanlıq" kimi mənalarından danışır.
Rəşidəddinin rəvayəti və şərhi nə qədər doğrudur, nə qədər doğru deyil, bu, müzakirəyə açıqdır.
AMMA FAZİL MUSTAFA BİRMƏNALI ŞƏKİLDƏ YALAN SÖYLƏYİR, RƏŞİDƏDDİNİN YAZDIQLARINI TƏHRİF EDİR, MƏNBƏDƏN BİXƏBƏR DANIŞIR!
Taleh ŞAHSUVARLI