“İran Vaşinqtonun uzunmüddətli planının mərkəzindədir” – Azad Məsiyev

"Uzun illərdir Amerika Birləşmiş Ştatları İran əleyhinə genişmiqyaslı koalisiya formalaşdırıb. Bu koalisiya çərçivəsində İran iqtisadi və siyasi sanksiyalara məruz qalıb. Məqsəd ölkədə sosial vəziyyəti gərginləşdirmək, inqilabi stress yaratmaq, ictimai narazılığı artırmaq və nəticə etibarilə hakimiyyət dəyişikliyinə nail olmaqdır. ABŞ-nin əsas strategiyası İranda mövcud hakimiyyəti dəyişmək və Vaşinqtona loyal bir siyasi sistem formalaşdırmaqdan ibarətdir. Uzun müddətdir tətbiq edilən sanksiyalar İran iqtisadiyyatının zəifləməsinə, sosial vəziyyətin pisləşməsinə və müxtəlif etiraz aksiyalarının baş verməsinə səbəb olsa da, hakimiyyət dəyişikliyi üçün real siyasi situasiya formalaşmayıb. Buna baxmayaraq, ABŞ İran siyasətindən geri çəkilmir və bu ölkədə rejim dəyişikliyi planını davam etdirir. Amerikada hakimiyyətdə kimin olmasından asılı olmayaraq, dövlətin qlobal strateji xətti dəyişmir və bu strategiyaya mane olan amillərin aradan qaldırılması əsas prioritet kimi qalır. ABŞ üçün üç əsas təhlükə mənbəyi mövcuddur. Bunlardan birincisi hərbi gücünə görə Rusiya, ikincisi iqtisadi potensialına görə Çin, üçüncüsü isə Avropa İttifaqının vahid valyutası olan avrodur. ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatları da məhz bu strateji planın tərkib hissəsi kimi qiymətləndirilir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan İranda baş verən proseslərin rejim dəyişikliyinə gətirib çıxaracağına inanmadığını bildirib. Fidan ABŞ-ni İranın Venesuelaya çevrilməsinin qarşısını almağa çağırıb. Xarici işlər naziri Tehranın danışıqlara hazır olduğunu vurğulayaraq, bu prosesin hökumətin nüfuzuna zərər verməyəcək şəkildə və düzgün formatda aparılmasının vacibliyini qeyd edib. "Əgər onlar özlərini küncə sıxışdırılmış hiss etsələr, ən pis ssenariyə hazırlaşacaqlar”, – deyə Türkiyə rəsmisi bildirib.

Siyasi şərhçi bildirib ki, Çinin iqtisadi gücünü zəiflətmək məqsədilə onun enerji təminatının məhdudlaşdırılması Vaşinqtonun əsas hədəflərindən biri kimi qiymətləndirilir.

"Qeyd edilir ki, İran neftinin təxminən 70 faizi Çinə satılır və mümkün hakimiyyət dəyişikliyi halında bu ixracın qarşısının alınması planlaşdırılır. Eyni zamanda, Venesuela neftinin də Çinə satışının məhdudlaşdırılması bu strategiyanın tərkib hissəsi kimi dəyərləndirilir. Digər məqsəd Rusiyanın cənub istiqamətindəki geosiyasi imkanlarını məhdudlaşdırmaqdır. Ukrayna müharibəsindən sonra Rusiyanın Avropa ilə əlaqələri zəifləsə də, Moskva İran üzərindən Fars körfəzinə və Hind okeanına çıxış imkanlarını qoruyur. Bu baxımdan Şimal–Cənub nəqliyyat dəhlizinin sıradan çıxarılması əsas hədəflərdən biri kimi göstərilir. İranda mümkün hakimiyyət dəyişikliyi Rusiyanın bu strateji xəttini faktiki olaraq bağlaya bilər. Üçüncü istiqamət isə Türkiyə ilə bağlıdır. Türkiyənin regional gücdən qlobal gücə çevrilmə potensialı ABŞ və Qərb üçün risk faktoru kimi qiymətləndirilir. İranın Türkiyə, Azərbaycan və Türkmənistan arasında yerləşməsi bu ölkəni geosiyasi baxımdan strateji mövqeyə çevirir. Bu səbəbdən İran üzərindən türk dövlətləri arasında inteqrasiyanın qarşısının alınmasının planlaşdırıldığı bildirilir. Qeyd olunur ki, ABŞ ərəb dünyasında İsrail vasitəsilə balans yaratdığı kimi, türk dövlətlərinin mərkəzində yerləşən İran üzərindən də mümkün “Turan birliyi”nin qarşısını almağı hədəfləyir. Çünki türk dövlətlərinin vahid siyasi və iqtisadi blok halına gəlməsi təxminən 200 milyonluq əhali, 5 milyon kvadratkilometrdən artıq ərazi və zəngin təbii ehtiyatlara malik yeni güc mərkəzinin formalaşması deməkdir. Bu baxımdan İranda hakimiyyət dəyişikliyi və ABŞ-yə loyal bir hökumətin qurulması Vaşinqtonun uzunmüddətli strateji planı kimi qiymətləndirilir. İranın uranın zənginləşdirilməsi məsələsi isə bu prosesdə əsas bəhanə rolunu oynayır. ABŞ və İsrail son hərbi əməliyyatlar zamanı İranın bir sıra strateji obyektlərini hədəfə almaqla ölkənin müdafiə potensialını zəiflətməyə çalışıb. Lakin qeyd olunur ki, yalnız hava zərbələri ilə İranda hakimiyyət dəyişikliyinə nail olmaq real deyil. Bu, quru əməliyyatları olmadan mümkün sayılmır. İran ideoloji dövlət modelinə və paralel güc strukturlarına malik olduğu üçün hərbi müdaxilənin uğurla nəticələnəcəyi sual altındadır. Eyni zamanda, mümkün hərbi eskalasiya regionda yeni münaqişə ocağının yaranmasına səbəb ola bilər. Bu vəziyyətin Türkiyə, Azərbaycan və digər qonşu ölkələr üçün ciddi təhlükələr yaradacağı istisna edilmir. Məhz bu səbəbdən Türkiyə tərəfi dəfələrlə dialoq və danışıqların vacibliyini vurğulayıb. İran rəhbərliyi danışıqlara hazır olduğunu bəyan etsə də, bu proseslərin real nəticə verəcəyinə inam azdır. Çünki Vaşinqtonun əsas məqsədi nüvə proqramı deyil, İranı tam nəzarət edilə bilən dövlətə çevirməkdir. Bu səbəbdən İranın müttəfiqləri – xüsusilə Rusiya və Çin – proseslərdə daha fəal mövqe tutmağa çağırılır. Bildirilir ki, İranda hakimiyyətin dəyişdirilməsi birbaşa bu ölkələrin maraqlarına qarşı yönəlmiş addım olacaq. Ümumilikdə ABŞ-də hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, ölkənin qlobal strategiyası dəyişmir. Respublikaçılar və ya demokratların idarəçiliyi fərq etmədən, Vaşinqtonun beynəlxalq siyasətdə xaos yaratmaq və bu xaos üzərindən öz geosiyasi maraqlarını təmin etmək xətti davam etdirilir".

Rəfiqə Namazəliyeva,

AzNews.az