- Maraq dairəsi
- 15:07
- 1 823
Aya uçacaq komanda karantinə alındı
NASA-nın Ay ətrafında uçacaq növbəti astronavt qrupu cümə gecəsi karantin altına alınıb.
Astronavtlar Reyd Vizman, Viktor Qlover və Kristina Kok, eləcə də Kanada Kosmik Agentliyindən astronavt Cereymi Hensen, fırlatmadan əvvəlki günlərdə digər insanlarla təmaslarını minimuma endirərək hər hansı xəstəliyə yoluxmamaq üçün karantinə alınıblar.
Bu dövr “Sağlamlıq sabitləşdirmə proqramı” adlanır və normal şəraitdə fırlatmadan təxminən 14 gün əvvəl başlayır.
Karantinin əvvəlcədən başlaması astronavtların fevral ayında planlaşdırılan fırlatma hazırlıqlarını rahat şəkildə davam etdirməsinə imkan verir. Hazırda raket və kosmik gəminin testləri davam etdiyi üçün NASA hələ rəsmi fırlatma tarixini müəyyən etməyib. Testlərin nəticəsinə və digər əməliyyat qiymətləndirmələrinə əsasən astronavtlar karantin rejimindən çıxa bilər və hər uçuş tarixindən 14 gün əvvəl yenidən karantin tətbiq olunacaq.
Hazırlıqlar Houston şəhərində davam edir
Astronavtlar Houston şəhərində karantin dövrünə başlayacaqlar. Testlər uğurla başa çatarsa və fəaliyyətlər gələcəkdə mümkün uçuşa uyğunlaşarsa, astronavtlar uçuşdan təxminən altı gün əvvəl Florida’dakı Kennedy Kosmik Mərkəzinə yola düşəcəklər.
Artemis II komandası fırlatma gününə qədər Neil A. Armstrong Əməliyyat və Nəzarət Binasındakı astronavt yataqxanasında qalacaq.
Karantin müddətində astronavtlar yalnız karantin qaydalarına riayət edən dostları, ailələri və həmkarları ilə əlaqəni saxlayacaqlar.
İctimai yerlərdən uzaq qalacaq astronavtlar son təlim fəaliyyətlərini davam etdirərkən digər insanlarla məsafəni qoruyacaq və maska taxacaqlar. Təlimlər yaxın günlərdə missiya simulyasiyaları və tibbi yoxlamalarla davam edəcək.
Kennedy Kosmik Mərkəzindəki komanda, SLS raketi və Orion kosmik gəmisini, eləcə də yerüstü sistemləri uçuş üçün hazırlamağa davam edir.
Komanda 39B uçuş kompleksində mexanik enerji sistemləri, kriogen yanacaq xətləri və mühərriklərin bütün yoxlamalarını tamamlayıb. Həftə sonu planlaşdırılan SLS gücləndirici texniki baxışı üçün uçuş rampasının ətrafı lazımsız personaldan təmizlənəcək.
Digər tərəfdə NASA və Müdafiə Nazirliyinin komandasının üzvləri, astronavtların Sakit Okeanına enişindən sonra geri gətirilməsi üçün son simulyasiyaları həyata keçirir. Bu komanda, uçuşdan sonra Orion gəmisinin eniş edəcəyi bölgəyə yola çıxacaq.
Artemis II missiyası Ay ətrafında təxminən 10 gün davam edəcək və NASA-nın Artemis proqramı çərçivəsində ilk insanlı uçuş olacaq.
Bu missiya həm elmi araşdırmalar, həm də iqtisadi faydalar üçün Ayın daha geniş öyrənilməsini təmin edəcək və Mars-a insanlı uçuşlara hazırlıqda lazım olan sistem və avadanlıqların testinə kömək edəcək.
Mövsüm,
AzNews.az