Komissiyanın tərkibində bəzi dəyişikliklər edilib Komissiyanın tərkibində bəzi dəyişikliklər edilib
  • Toplum
  • 31 Avqust 2020 21:26
  •  4 652

Üçtərəfli Komissiyanın iclası keçirildi

Komissiyanın tərkibində bəzi dəyişikliklər edilib

Yaxın vaxtlarda Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin təhlükəsizliyi, gigiyenası və istehsalat mühiti haqqında” 155 nömrəli Konvensiyasının da ölkəmiz tərəfindən ratifikasiyası gözlənilir.

AzNews.az xəbər verir ki, əmək qanunvericiliyində BƏT yanaşmalarına uyğun olaraq və həm işçilərin, həm işəgötürənlərin mənafelərinə xidmət edən bir çox dəyişikliklər də ediləcək.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri Sahil Babayev Komissiyanın növbəti iclasında bildirib.

Üçtərəfli Komissiyada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) təmsil olunur.

Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığı ilə sosial sahədə aparılan islahatların bir istiqaməti də əmək qanunvericiliyinin mütərəqqi beynəlxalq normalar əsasında daim təkmilləşdirilməsidir. Bu məqsədlə Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında yeni Qanun layihəsi hazırlanıb. Dəyişikliklər əmək bazarı iştirakçılarının əmək, sosial, iqtisadi hüquqlarının daha dolğun təminatına xidmət edir.

BƏT-in Rəhbər Orqanının üzvü olan ölkəmizin ötən dövrdə BƏT-in 58 Konvensiyasına qoşulduğunu deyən S.Babayev ratifikasiyası nəzərdə tutulan Konvensiyanın da əməyin təhlükəsizliyinin təminatına yönəldiyini qeyd edib. Yaradılacaq Əməyin Mühafizəsi Mərkəzinin də bu sahədə mühüm töhfə verəcəyini bildirib.

İclasın gündəliyindəki məsələlərə dair çıxışlar edilib. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Komissiyanın 2020-ci il üçün yenilənmiş İş planı təsdiqlənib, Komissiyanın tərkibində bəzi dəyişikliklər edilib.

“Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Qanunun və “2020-2026-cı illərdə Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair Milli Strategiya”nın layihələri, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin riskə əsaslanmış qaydada həyata keçirilməsi və Əməyin Mühafizəsi Mərkəzinin yaradılması ilə bağlı layihələr, “Bank olmayan kredit təşkilatları haqqında” qanuna dəyişiklik layihəsi, BƏT-in 155 nömrəli Konvensiyasının ratifikasiyası məsələləri müzakirə olunub.

Həmin məsələlərlə bağlı Komissiyanın bu iclasında verilmiş təkliflər üzrə müzakirələrin sosial tərəfdaşların nümayəndələrinin təmsil olunduğu işçi qruplar səviyyəsində davam etdirilməsi qərara alınıb.