• Toplum
  • 24 Noyabr 2020 13:11
  •  129

“Bəzən diş və qulaq həkimi də “COVID”ə görə dərman yazır”

Vəziyyət ağırlaşanda həkimə müraciət edirlər

“Hər tibb universitetini bitirən şəxs insanlara dərmanla bağlı məsləhət verə bilməz. Bəzən diş həkimi də, qulaq həkimi də “COVID”lə mübarizə üçün dərman yazır. Əgər kimsə nə vaxtsa Tibb Universitetini bitiribsə, o dərman yaza bilməz. Dərman yazmaq üçün hər sahənin mütəxəssisi olmalıdır. Apteklərdə gün ərzində reseptsiz antibiotik alan insanları görəndə çox təəssüflənirəm”.

AzNews.az xəbər verir ki, bu barədə Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova bildirib.

O qeyd edib ki, son günlər koronavirusa yoluxanların sayının artması göstərir ki, xəstəliyin gedişatında xoşagəlməyən artım davam edir. Kütləvi toplanma yerlərində insanların pandemiya qaydalarına düzgün riayət etməməsi bu xəstəliyə yoluxma hallarının çoxalmasına gətirib çıxarıb:

“Xəstəliyin artması, ağırlaşma və ölüm hallarının çoxalmasının əsas səbəblərindən biri xəstənin gec müraciət etməsidir. Xəstələr çalışır ki, bir həftə, 10 gün evdə özlərini müalicə etsinlər. Vəziyyət ağırlaşanda isə həkimə müraciət edirlər. Təbii ki, bu zaman gec olur, həkim də artıq hansı antibiotikdən istifadənin xəstə üçün yaxşı olacağını seçməkdə çətinlik çəkir”.

N. Mürsəlova bildirib ki, kiminsə yaxınında kimsə antibiotiklərlə müalicə olunub və vəziyyəti düzəlibsə, o da həmin müalicədən istifadə etməyə çalışır. Lakin bu, düzgün yanaşma deyil: “Antibiotikləri həkim yazmalıdır. Eyni müalicəni hər bir insana tətbiq etmək olmaz”.