Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9000-ə yaxın mənzil və fərdi ev təqdim olunub Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9000-ə yaxın mənzil və fərdi ev təqdim olunub
  • Toplum
  • 5 Dekabr 2020 14:27
  •  4 979

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə fərdi evlər verildi

Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9000-ə yaxın mənzil və fərdi ev təqdim olunub

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfərin qürur və fərəhini yaşadığımız bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil və fərdi evlərlə təminatı tədbirləri də davam edir.

AzNews.az xəbər verir ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 6 şəhər və rayonda - Salyan, Goranboy, Sabirabad, Hacıqabul, Şirvan və Göyçayda 20 fərdi yaşayış evi həmin kateqoriyadan olan vətəndaşlara verilib.

Salyanda evlərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov iştirak ediblər.

Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ərazilərimizi erməni faşizminin əsarətindən azad edən Ali Baş Komandanla, ordumuzla sonsuz iftixar hissi keçirdiklərini vurğulayıblar.

Bildiriblər ki, 44 günlük Vətən Müharibəsinin hər günündə xalqımız cəbhədən yalnız qələbə müjdələri aldı. Ordumuz daim irəliləyərək, düşməni doğma torpaqlarımızdan qovdu. 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə indi Azərbaycan bayrağı dalğalanır. Bundan fərəhli heç nə ola bilməz. Torpaqlarımızın təcavüzkar Ermənistanın işğalından azad edilməsi şəhidlərimizin də ruhunu sevindirir.

Həmişə dövlət tərəfindən onların təminatı sahəsində aparılan işlərdən razılıq edən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri göstərilən yüksək qayğıya, bu gün isə yeni evlərlə təmin olunduqlarına görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə qeyd edilib ki, dövlət başçısının tapşırığına əsasən şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı işləri ildən-ilə genişlənir. 2020-ci ildə onlara rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və artıq 1000-i verilib.

Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9000-ə yaxın mənzil və fərdi ev təqdim olunub. Bu proqram hazırda uğurla davam etdirilir.