• Toplum
  • 25 Dekabr 2020 13:00
  •  297

Deputat şəhid atasına məktub yazdı

"Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik!"

MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva və RHİM İB sədri A.Bağırova şəhid Cavad İbadovun ailəsi ilə görüşüblər.

AzNews.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı şəhər sakini, şəhid hərbi qulluqçu Cavad İbadovun qardaşı Cavid İbadzadə ilə görüşüb.

Qənirə Paşayeva şəhid qardaşını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, onun salamlarını ailə üzvlərinə çatdırmağı xahiş edib. Şəhidin atası Cabir İbadova ünvanladığı məktubu Cavid İbadzadəyə təqdim edib.

Q.Paşayevanın şəhid atasına yazdığı məktubda bu sözlər yazılıb: “Əziz Şəhid atası, Siz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş oğulun atasısız. Düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik. Sizin oğlunuz artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir, doğmadır.

Biz bilirik ki, sizin oğlunuz həqiqi hərbi xidmətini başa vurduqdan bir müddət sonra, yenidən hərbi qulluğa qayıdıb və Xüsusi Təyinatlı Qüvvələrdə Vətənə xidmət edib. Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olan igid oğlunuz, Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Bu medal Cavada, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə verilib.

Cavad kimi vətənpərvər gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik!"

Səidə
AzNews.az

image description