• Toplum
  • 28 Dekabr 2020 22:36
  •  2 308

"Qarabağ veteranı aylıq 80 manatla necə dolansın? Bu vəsaiti 3 dəfə qaldırmaq lazımdır"

Onların ev və maşın problemləri tezliklə həll ediləcək

"Bu gün Azərbaycanda veteran ayda 80 manat alır. Veteran 80 manatla necə dolansın?! Həddindən artıq azdır. Ən azından bunun 300 manat etmək lazımdır. Bilirik ki, bir necə gündür Milli Məclisdə 2021-ci ilin dövlət büdcəsi hökümət üzvlərinin iştirakı ilə ratfikasiya olunur.

Bu açıqlamanı "Aznews.az" saytına BAXCP sədrinin müavini, tanınmış politoloq, QHT sədri Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, ölkəmizdə bu gün minimum ehtiyac meyarı məbləği 200 manata qədər ola-ola Vətən müharibəsində iştirak etmiş hər bir veteranımıza 80 manatın ayrılması doğru deyil:" İnandırım sizi ki, bir çox hallarda veteranlarımız 80 manatın almasını gözləyirlər. Azərbaycan xalqına qələbə qismət edən və 30 illik Qarabağımızı işaldan azad edən hər bir əsgərimizə bizim xüsusi diqqətimiz olmalıdır:" Təbii ki, dövlətimiz həm şəhidlərə, həm qazilərə, həm də müharibə iştirakçılarına hər zaman diqqətli olub, onlara qayğı göstərib. Necə ki, bunu birinci Qarabağ müharibəsinində şəhid olanlara və Qarabağ qazilərinə maşın, ev təminatında xüsusi proqramlarla ediblər. Bunu hər kəs görür. Çox yüksək səviyyədə bunun baş verməsinin şahidi oluruq. Bu gün artıq Vətən müharibəsində şəhid və qazi olan, müharibə veteranları da əlavə olunur. Onların ev və maşın problemləri tezliklə həll ediləcək. İndi Vətən müharibəsində də iştirak edənlər də həmin 80 manatı almalı olacaqlar."

Politoloq Niyaməddin Orduxanlının sözlərinə görə, bu gün parlamentin bır sıra üzvləri, tanınmış partiya sədrləri- BAXCP sədri Qüdrət Həsənquliyev, AVP sədri Fəzail Ağamalı və digər deputatlar şəhid ailələrinə, qazilərimizə, veteranlarımıza nəzərdə tutulan müavinətlərin ən azı 3 dəfə artırılmasını da təklif ediblər:" Vətən müharibəsinin şəhid ailələrinə və əlil olanlara dövlət tərəfindən pensiyası müəyyənləşəcək. Bir daha qeyd edirəm, 80 manat həddindən artıq azdır və minimum ehtiyacı ödəmək gücündə deyil. Ona görə də, təklif edirəm ki, bu vəsaitin miqdarı minimum ehtiyac meyarı olan 196 manat səviyyəsinə qaldırılsın. Buna onların tam haqqı çatır. Bu yanaşma həm də birinci Qarabağ Müharibəsi veteranlarına da şamil edilməlidir. Çox inanıram ki, bu məsləyə hökümət nümayəndləri diqqət ayıracaq. Və bu vəsit qaldırılacaq."