• Toplum
  • 3 Avqust 11:13
  •  1 155

DSX 14 kiloqramdan çox narkotikin sərhəddən keçirilməsinin qarşısını alıb

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir

Azərbaycan Respublikasının dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriy­yəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Aznews.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, 01 avqust 2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­ları­nın “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazi­sin­də yerlə­şən sərhəd zastavasının xidməti sahəsində dövlət sər­hədi­nin pozulması əlamətləri aşkar edilib, sərhəd zastavası “Silaha” koman­dasına qaldırılaraq ərazi qapadılıb.

Keçiriən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Füzuli rayonu­nun Araz-Zərgər kəndi ərazisində gizlədilmiş yerdən 2 ədəd bağla­manı götürərək “Toyota Camry” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən 2 nəfər şübhəli şəxs saxlanılıb.

Avtomobil sürücüsünün Moskva şəhər sakini, 1977-ci il təvəllüdlü Vəliyev Hüseyn Vəlixan oğlu və sərnişinin Hacıqabul şəhər sakini 1976-cı il təvəl­lüd­lü Məmiyev Teymur Adil oğlu olmaları müəyyən­ləş­dirilib, onların götürdükləri bağlamalara keçirilmiş baxış zamanı ümumi çəkisi 14 kiloqram 500 qram narkotikə (8200 qram marixuana, 4200 qram heroin, 2100 qram metamfetamin) və 690 ədəd “Metadon-40” psixotrop tərkibli dərman həbinə bənzər maddə aşkar olunub.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.