• Toplum
  • 21 Yanvar 19:58
  •  2 055

Məhkumlar tərəfindən törədilməsi ehtimal olunan 753 cinayətin qarşısı alınıb

Videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib

Keçirilən kompleks əməliyyat-rejim tədbirləri nəticəsində həbs olunmuş şəxslər və məhkumlar tərəfindən törədilməsi ehtimal olunan 753 cinayət hadisəsinin qarşısı alınıb.

Aznews.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov 2021-ci ildəki fəaliyyətin yekunlarına dair videokonfrans formatında əməliyyat müşavirəsində deyib.

O deyib ki, hesabat dövründə məhkum və həbs edilmiş şəxslər, görüşə gəlmiş, sovqat gətirmiş vətəndaşların üzərindən ümumilikdə 193 min 371 qram narkotik və psixotrop maddələr, 47 mobil telefon aşkarlanaraq götürülüb və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.

Cinayətkarlıqla mübarizədə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələr səmərəli şəkildə təşkil olunub. Xidmətin Əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq qurumları ilə birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Abşeron, Cəlilabad və Yasamal rayonlarında 43 kiloqramdan çox müxtəlif növ narkotik vasitə aşkarlanaraq götürülüb. Həmçinin 39 epizod üzrə cibgirlik etmiş şəxs və quldurluqla məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. 2003-cü ildə paytaxtın Əmircan qəsəbəsində qətl hadisəsi törətmiş şəxs Penitensiar Xidmətin əməliyyat aparatının məlumatı əsasında müəyyən edilib və həmin cinayət hadisəsinin üstü açılıb. Cinayətkarlıqla mübarizədə ölkənin hüquq-mühafizə orqanları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim olunmuş 1 tapança və 2 tüfəng ərazi polis orqanlarına təhvil verilib.