• Toplum
  • 8 İyul 23:33
  •  5 472

“Camaat nə deyər”in qurbanları: Sevgi niyə qatilə çevirir? - ARAŞDIRMA

Məişət zorakılığı hallarının, qadın qətllərinin kökündə hansı faktorlar dayanır?

Son vaxtlar saytlarda ən çox yer alan xəbərlərdən biri də qadın qətlləri, fiziki zorakılığa məruz qalma ilə bağlıdır.

Qadınlar ərləri, sevgililəri, keçmiş həyat yoldaşları tərəfindən qətlə yetirilirlər.

Zorakılıq hallarına haqq qazandıranlar da az deyil...

Bəs Azərbaycanda son dövrlər amansız qətllərin törədilməsinin səbəbi nədir? Nə üçün insanlar bu qədər qəddarlaşıblar? Məişət zorakılığı hallarının kökündə hansı faktorlar dayanır?

Oxu.Az cəmiyyətdə bu cür cinayətlərin törədilməsinin səbəblərini araşdırmağa çalışıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq Təminat şöbəsinin müdiri Taliyə İbrahimova saytımıza açıqlamasında bildirib ki, hər gün quruma məişət zorakılığı ilə bağlı müraciət daxil olur:

“Bununla bağlı 2019-cu ildə 242, 2020-ci ildə 179, 2021-ci ildə 365, 2022-ci ilin 6 ayında isə 215 müraciət daxil olub. Bizim tərəfimizdən də müraciətlər aidiyyəti qurumlara göndərilir. Ötən il komitə tərəfindən məişət zorakılığının yayılma səviyyəsi və onları törədən səbəblər barədə araşdırma aparılıb.

Respondentlərdən məişət zorakılığının ən çox hansı səbəbdən baş verdiyi soruşulub. Cavablarda ən çox ailədə hegemonluq, ailədaxili münasibətlərə kənar şəxslərin müdaxiləsi, qısqanclıq, işsizlik və digər hallar qeyd edilmişdi.

Respondentlərə sorğu zamanı verilən suallardan biri də kömək üçün müraciət edilməməsinin səbəbi ilə bağlı olub. Əksəriyyəti el qınağından çəkindiyinə görə müraciət etmədiyini bildirib. Əksər hallarda məişət zorakılığından zərərçəkmiş şəxs bu hadisəni törədənlə barışmağa sövq edilir”.

T.İbrahimovanın sözlərinə görə, komitəyə olan müraciətlərin təhlili göstərir ki, ən çox fiziki zorakılıqla bağlı müraciət daxil olub:

“Respondentlər isə psixoloji zorakılığın üstünlüyünün də olduğunu bildiriblər. Zorakılığın 33 faizinin ər, 16 faizinin keçmiş ər, altı faizinin qeyri-rəsmi nikahda olan şəxslər tərəfindən törədildiyi məlum olub.

Ən böyük problem odur ki, bir çox hallarda zorakılığa məruz qalmış qadınlar ailəni qorumağa çalışırlar. Nəticədə onlar həyatlarını itirirlər. Məişət zorakılığı ilk olaraq psixoloji formada ortaya çıxır ki, buna görə də vaxtında müraciət edilməlidir. Təəssüf ki, qətlə yetirilən şəxslərin ailə üzvləri vaxtında bu problemin qarşısını almağa çalışmaq əvəzinə, onlara təzyiq ediblər. Nəticədə bu cür ağır fəsadlar ortaya çıxıb”.

Qeyd edək ki, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı bir çox dövlət orqanları cəlb edilib.

Psixoloq Elnur Rüstəmov saytımıza açıqlamasında bildirib ki, son 10 ildə qlobal dünyada baş verən proses və hadisələr insanların psixoloji durumuna təsir edir:

“Bu prosesdə aparıcı faktorlardan biri də informasiyadır. Yəni bu problemin əsas kökü ifrat informasiyadan qaynaqlanır. O, insanların psixoloji durumuna təsir edir və şəxslərarası münasibətlərdə aqressiyanın özünü büruzə verməsinin şahidi oluruq.

Bununla paralel zərərli vərdişlərdən asılı və psixoloji, psixiatrik narahatlığı olan insanların sayında artım müşahidə olunur. Bu da ətrafla münasibətə təsir göstərir ki, zaman keçdikcə problem dərinləşir və bədbəxt hadisələrlə nəticələnir”.

Psixoloq qeyd edib ki, problemin həlli üçün psixoloji maarifləndirmə işləri aparılmalıdır:

“Bu cür insanlar zamanında dəstək almalıdırlar. Bədbəxt hadisə baş verəndə problem aktuallaşır. Ancaq bu problem zaman-zaman baş verir. Biz gündəlik həyatda bu cür insanlarla rastlaşırıq. Bu gün bu proses dərinləşir. Çalışmaq lazımdır ki, problemin həlli üçün vaxtında işlər görülsün. O zaman xoşagəlməz hadisələrdən sığortalanmış olarıq”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bildirib ki, qətllərin baş verməsi sosial-psixoloji gərginlikdir:

“Eyni zamanda, evliliyin idarə edilməsində olan problemlərdir. Sosial şəbəkələr ailə münasibətlərinə keçir, bir-birinə qarşı şübhələr sabit və davamlı dayanıqlığı təmin etmir.

Qadınların sosial şəbəkələrdə aktiv olmasını bəzən kişilər qəbul etmirlər və bu hadisələr baş verir. Alimentin tələbi, ödənilməməsi, qadının boşanmaq istəməsi halları bu cür nəticələrə səbəb olur. Ən böyük səbəblərdən biri də kişilərin qadını özünə mənsub olan əmlak kimi görmələridir.

Bir çox hallarda səbəb kişinin ailəni özünün mal varlığı sayıb hegemonluq etməsidir. Ən dəhşətlisi isə həmin insanlar uşaqlara da əşya kimi baxırlar və çox zaman uşaqların gözü qarşısında ananı qətlə yetirirlər”.

M.Zeynalova əlavə edib ki, səbəblərdən biri də gender rollarının dəyişməsinə etirazdır.

Vəkil Tural Hüseynov isə deyir ki, ölüm hökmü insan üçün verilən ən ağır cəzadır:

“Ölüm cəzasının ləğvi ilə bağlı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6 saylı Protokolu qəbul edilib. Daha sonra Azərbaycan Respublikasının Avropa Şurasına üzlüyü ilə bağlı məsələ müzakirə olunanda dövlətimizin qarşısına qoyulan məsələlərdən biri də məhz ölüm hökmünün ləğvi ilə bağlı olub.

Bununla bağlı ölkəmizdə genişmiqyaslı işlər görülüb, nəhayət 10 fevral 1998-ci ildə ölüm hökmü Azərbaycanda ləğv edilib. Bu, çox mütərəqqi bir addım olmaqla, həm də ölkəmizin Avropa Şurasına üzv qəbul olunması yolunda maneəni aradan qaldırıb”.

O əlavə edib ki, insanlar bəzən düşünürlər ki, ölüm hökmü tələbi geri qaytarılsa, qətllərin sayı azalar:

“Bu, qətiyyən düzgün yanaşma deyil. Cəza siyasətini sərtləşdirməklə nəyinsə qarşısını almaq effektli olmur. Törədilmiş cinayətlərin statistikasını təhlil etmək lazımdır. Nəticədə cinayət törətmiş şəxslərin bunu törətmə səbəbləri aydınlaşdırılmalı və cinayətlərin dekriminallaşdırılması ilə bağlı tədbirlər görülməlidir.

Adam öldürmək cinayəti qısqanclıq, xuliqanlıq, tamah məqsədi, sifariş və sair niyyətlərlə bağlı törədilə bilər. Bu kimi halların qarşısını almaq üçün cinayətin törədilmə səbəbləri araşdırılmalı və həmin səbəblərin aradan qaldırılması üçün kompleks tədbirlər görülməlidir.

Cəzaları sərtləşdirmək yolu ilə heç nəyə nail olmaq mümkün deyil. Digər tərəfdən, bəzi hallarda günahsız bir şəxs barəsində cəza təyin edilə bilir. Uzun illər sonra o şəxsin günahsız olduğu müəyyən olunur. Bu baxımdan düşünün ki, kiminsə barəsində ölüm hökmü qəbul və icra edilir, bir müddətdən sonra isə həmin şəxsin günahsız olması müəyyən edilir.

Nəticədə bir insan yaşamaq hüququndan əsassız olaraq məhrum edilmiş olur, bu isə yolverilməzdir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, törədilmiş əmələ görə şəxsə təyin edilən cəzanın məqsədi məhz cəza təyin edilmiş şəxsin islah edilməsi və həm o, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Barəsində ölüm hökmü qəbul edilmiş və icra edilmiş şəxsin islah edilməsi mümkündürmü? Əlbəttə, yox”.

Aznews.az