YENİLƏNİB YENİLƏNİB
  • Toplum
  • 25 Oktyabr 2022 17:50
  •  4 452

Yasamalda yaşayış binasında partlayış olub, xəsarət alan var - FOTO

YENİLƏNİB

TƏBİB bu gün Bakının Yasamal rayonunda yaşayış binasında baş verən partlayış nəticəsində xəsarət alan şəxsin vəziyyəti barədə məlumat açıqlayıb.

Aznews.az xəbər verir ki, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinin Reanimasiya şöbəsində Şahin Manafovun müalicəsinə davam edilir. Bədənin 20-25 faiz yanığı, II-III dərəcəli termiki yanıqla Mərkəzə daxil olan pasiyentin vəziyyəti stabil ağır olaraq qiymətləndirilir.

***

14.45

Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 22 ünvanında yerləşən çoxmərtəbəli binada partlayış baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Aznews.az-a verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 60kv.m olan üçotaqlı mənzilin hamam otağında, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının zərbəsindən otaqların pəncərə çərçivələri yerindən çıxıb, şüşələri qırılıb. Hadisə nəticəsində 1950-ci il təvəllüdlü Manafov Şahin Manaf oğlu xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.