• Toplum
  • 11 Dekabr 2023 13:16
  •  3 077

“Ölkəmizdə gənclərə yaradılan şərait digər ölkələrdən fərqlidir” – Kənan Qubadzadə

Azərbaycanın əldə etdiyi uğurların bir təminatı da yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclər ordusudur. Çünki, gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir. Prezident İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük meydan verilməsinin tərəfdarı olmuş və ölkəmizdə bu şərait yaradılmışdır. Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişaf prosesinin avanqardına çevrilirlər.

Gənclərin inkişafı, davamlı uğurlarının təmin olunması ilə əlaqədar ölkəmizdə bir çox xüsusi təşkilatlar fəaliyyət göstərir. Həmin uğurlu təşkilatlardan biri də Gənclər Mərkəzi İctimai Birliyidir.

Gənclər Mərkəzi İctimai Birliyinin rəhbəri Kənan Qubadzadə təşkilatın ümumi fəaliyyəti barədə MediaPost-a açıqlama verib.

Onun sözlərinə görə, Gənclər Mərkəzi İctimai Birliyinin nümayəndələri Gənclər Təşkilatları Milli Şurasının seçkili qurumlarında hər zaman iştirak edib və təmsil olunublar:

alt text

“Gənclər Mərkəzi İctimai Birliyi 2006-cı ildə yaranıb və elə həmin ildə də Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış bir təşkilatdır. Gənclər Mərkəzi İctimai Birliyi yarandığı gündən gənclər sektorunda bir çox layihələr həyata keçirməyə başlayıb və bizim təşkilatımız ölkədə bir çox böyük konfederativ qurumların tamhüquqlu üzvüdür. Onlardan Gənclər Təşkilatları Milli Şurasının, eyni zamanda Milli Qeyri Hökumət Təşkilatlarının Forumunun tamhüquqlu üzvüyük. Bununla yanaşı Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzvlüyündə təmsil olunmuşuq. Gənclər Mərkəzi İctimai Birliyimizin nümayəndələri Gənclər Təşkilatları Milli Şurasının seçkili qurumlarında hər zaman iştirak edib və təmsil olunublar. Biz bir çox dövlət donor təşkilatlarla daimi əməkdaşlıq etmişik və onların, eyni zamanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Mədəniyyət Nazirliyinin elan etdiyi bir çox qrant layihələrin qalibi olmuşuq. Gənclər Mərkəzi İctimai Birliyi olaraq biz gənclər təşkilatları ilə hər zaman sıx əlaqədə fikirlər mübadiləsi aparmışıq. Gənclər Fondu, Gənclər və İdman Nazirliyi ilə bir çox uğurlu layihələr icra etmişik. Həmçinin Daxili İşləri Nazirliyi yanında İnsan Alverinə Qarşı Mübarizə üzrə Qeyri Hökumət Təşkilatları Koalisiyasında üzvüyük, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Dövlət Komissiyası ilə də sıx əməkdaşlıq etməyə çalışırıq. Bakı şəhəri ilə yanaşı biz, rayonlarda da böyük layihələr icra etməyə çalışırıq. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə yardımı ilə son dövrlər icra etdiyimiz layihəmiz “Uşaqların kiber mühitdə təhlükəsizliyi” layihəsi olub. Bizim təşkilat olaraq gənclərlə bağlı ailə dəyərləri, erkən nikah kimi bir çox istiqamətlərimiz var. Layihələrimizin cəmiyyətdə böyük sevgi ilə qarşılanmasında kütləvi informasiya vasitələrinin rolu böyükdür, danılmazdır.

Bizim regionlarda qeyri-neft sektorunun inkişafı ilə bağlı icra etdiyimiz layihələrdən biri də “Kənd bələdçiliyi” adlı layihəmiz idi ki, bu da regionlarda çox böyük effekt verdi. Biz bu layihəni Mədəniyyət Nazirliyi ilə birgə icra etmişik. Bizim təşkilatımızda çox yaxşı, potensiallı gənclər yetişir və biz həmişə layihələri icra edəndə çalışırıq ki, Bakı ilə yanaşı, regionlardan da yaxşı gəncləri ətrafımızda birləşdirək. Təşkilatımızın özülündə dəyərli gənclərimiz olmalıdır ki, biz o gənclərlə daha böyük uğurlu layihələrə imza ataq”.

Kənan Qubadzadə bildirib ki, dünyanın heç bir dövlətində Azərbaycandakı kimi gənclər təşkilatlarına xüsusi dəyər verən qurumlar yoxdur:

“Heç kimə sirr deyil ki, cənab Prezident ölkəmizdə gənclər sektorunun inkişafına hər zaman maraqlıdır. Bunu çıxışlarımda hər zaman vurğulayıram ki, ölkəmizdə gənclərə, gənclər təşkilatlarına yaradılan şərait digər ölkələrdən fərqlidir. Çünki, dünyanın heç bir dövlətində Azərbaycandakı kimi gənclər təşkilatlarına xüsusi dəyər verən qurumlar yoxdur. Misal üçün, Gənclər Fondu bilirik ki, cənab Prezidentin sərəncamı ilə 10 ildən artıq bir müddətdə yaradılmışdır və gənclər təşkilatlarının layihələrinin icrasına çox böyük üstünlük verir. Gənclər Fondu ilə biz hər zaman sıx əməkdaşlıq etmişik və yaxın gələcəkdə də layihələri olduğu zamanda onlarla sıx əməkdaşlıq etməyə hazırıq. Gənclər və İdman Nazirliyi, digər dövlət qurumları hər zaman ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarını çalışırlar ki, gücləri çatan qədər layihələrinə dəstək versinlər. Bu da gənclər təşkilatının hər bir nümayəndəsinə bir stimul verir. Bu, Ölkə Başçısının gənclərə və gənclər təşkilatlarının rəhbərlərinə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir”.

“Bizim film çəkməklə bağlı çox böyük təcrübəmiz olduğu üçün düşünürük ki, gələcəkdə də gəncləri maraqlandıran mövzular üzrə qısametrajlı filmlər, roliklər istiqamətində də işlərimizi həyata keçirək. Ümumiyyətlə, bu günlərdə donor təşkilatlar layihələrini düzgün icra edən gənclər təşkilatlarını hər zaman yüksək dəyərləndirirlər və düşünürəm ki, biz də bir təşkilat olaraq cəmiyyətdə artıq bütün donor təşkilatlarla öz işlərimizi düzgün istiqamətdə qurmuşuq və yaxın gələcəkdə də bütün layihələrimizin icrası zamanı həmişə şəffaflığa daha çox üstünlük verəcəyik” – deyə K.Qubadzadə əlavə edib.