• Toplum
  • 19 Mart 13:13
  •  2 221

Şeyxülislam Azərbaycan xalqını təbrik edib

Bu ilki Novruz həm də İslam dünyası üçün əziz olan on bir ayın sultanı Ramazanın gəlişi ilə üst-üstə düşdüyündən bizim üçün daha da dəyərli və əlamətdardır. Azərbaycan xalqı bu mübarək ayı Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər sevinci ilə yanaşı, separatçı rejimin süqutu - müqəddəs bayrağımızın Xankəndidə dalğalanması qüruru ilə qarşılayır.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə qeyd edib.

Şeyxülislam bildirib ki, müstəqillik tarixində ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində qalib Xalq - qalib Lider seçiminin qələbə sevinci bu Ramazanda xeyir-dualarla yad edilir:

"Azərbaycan tarixində Qarabağ Fatehi və Böyük Qayıdışın Müəllifi adı qazanan, ölkəmizin bütün ərazisində suverenliyimizin tam bərpası kimi tarixi vəzifəni yerinə yetirən və prezidentliyinin yeni mərhələsinə qədəm qoyan dövlət başçımız cənab İlham Əliyevə, eləcə də bu çətin yolda yaxın sirdaşı və yoldaşı olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dindarlarımız adından dərin minnətdarlığımızı bildirir, bu mübarək günlərdə onlara ən böyük İlahi nemət olan cansağlığı, fədakar zəhmətlərinə uğurlar diləyirik".

QMİ sədri vurğulayıb ki, qələbə - daim dindarlarımızın, hər bir azərbaycanlının dualarında olub:

"Bu il yaz fəslinin Azərbaycana gəlişi martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-ə təsadüf edəcək, il Əjdaha bürcü üstündə təhvil olacaq, bayram axşamı martın 19-da, mübarək Novruz bayramı isə martın 20-də qeyd ediləcəkdir. Uca Yaradana həmd-səna, süfrələrə xeyir-bərəkət, nemətlərə şükr duaları ilə Novruza qədəm qoyan xalqımızı bir daha təbrik edir, hər ailəyə xoşbəxtlik, hər evə rifah və əmin-amanlıq arzulayıram. Allahdan diləyim budur ki, Öz Böyük Mərhəmət və Kəramətini xalqımızın üzərində bərqərar etsin, dövlət rəhbərimizi böyük zəfərlərlə mükafatlandırsın, bayrağımızı hər zaman uca məqamlara qaldırsın, ordumuzu daima güclü və müzəffər etsin! Novruzun qədəmləri mübarək, xalqımız üçün xeyirlərə vəsilə olsun!"