Rəqəmsal detoks və sosial sağlamlıq

Rəqəmsal detoks müasir dövrdə həm fərdi sağlamlıq, həm də sosial münasibətlər baxımından vacib anlayışlardan birinə çevrilib. Sosial şəbəkələr, smartfonlar, planşetlər və digər rəqəmsal cihazlar gündəlik həyatımızın ayrılmaz hissəsi olsa da, onların həddindən artıq istifadəsi insan beynində yüklənməyə, psixoloji gərginliyə və sosial münasibətlərdə soyuqluğa səbəb olur. İnsanlar əksər hallarda sosial şəbəkələrdə daha çox vaxt keçirir, real ünsiyyəti isə ikinci plana atırlar. Bu isə həm psixi, həm də sosial sağlamlığın balansını pozur.

Rəqəmsal asılılıq xüsusilə gənclər arasında daha qabarıq şəkildə müşahidə olunur. Araşdırmalar göstərir ki, sosial şəbəkələrdən gündə 4-5 saatdan artıq istifadə edən insanlar daha çox yorğunluq, konsentrasiya problemləri və sosial təcrid hissi yaşayırlar. Beyin davamlı olaraq yeni məlumat axınına məruz qaldıqda istirahət imkanını itirir, nəticədə diqqət dağınıqlığı, yuxu pozğunluqları və stress artır. Bu mənada rəqəmsal detoks beynin yenidən balans tapması üçün vacibdir. Rəqəmsal detoks sadəcə texnologiyadan uzaq durmaq deyil, həm də real həyatla yenidən daha güclü bağ qurmaq deməkdir.

Mütəxəssislər həftədə ən azı bir günü “ekransız gün” elan etməyi, yatmazdan əvvəl minimum 1 saat ərzində telefondan uzaq qalmağı və sosial şəbəkə istifadə müddətinə məhdudiyyət qoymağı tövsiyə edirlər. Həmçinin rəqəmsal detoks zamanı insanlar kitab oxumaq, təbiətdə vaxt keçirmək, ailə və dostlarla canlı ünsiyyət qurmaq kimi fəaliyyətlərə üstünlük verə bilərlər. Bununla yanaşı, balanslı rəqəmsal həyatın qorunması üçün texnologiyanı tamamilə həyatımızdan çıxarmaq zəruri deyil. Əksinə, düzgün idarə olunan texnologiya həm öyrənmə, həm də sosial əlaqələr baxımından faydalıdır. Məsələ ondadır ki, texnologiya bizi idarə etməsin, biz texnologiyanı idarə edə bilək. Bu isə şüurlu istifadə vərdişlərinin formalaşmasından keçir. Rəqəmsal detoks insanlara həm beyin yüklənməsindən azad olmaq, həm də real həyatda daha məhsuldar və sağlam münasibətlər qurmaq imkanı yaradır. Ona görə də balanslı rəqəmsal həyat, həm fərdi xoşbəxtlik, həm də sosial rifah üçün zəruri şərtlərdən biridir.

AzNews.az